
Orqan musiqi alətləri içərisində ən böyüyüdür. Bu musiqi alətində klavişlərlə çalırlar, lakin fortepianodan fərqli olaraq orqan simli deyil, nəfəsli alətdir. O, əzəmətli royalın deyil, balaca tütəyin qohumudur.
Müxtəlif ölçülü bir neçə qamış tütəyi birləşdirmək ilk dəfə kimin və nə zaman ağlına gəlməsi dəqiq məlum deyildir. Qədim Yunan mifologiyasına görə, bunu meşə allahı Pan düşünüb. Eyni vaxtda bir neçə tütəkdə çalmaq mümkün deyil, nəfəs çatmaz. Ona görə də qədim vaxtlarda insan nəfəsini əvəz edən mexanizm kəşf edilib. Bu mexanizm dəmirçilərin ocaqda alovu körüklədikləri xəzi xatırladırdı. Sonralar mexanizm təkmilləşdirildi: xəzi su presi əvəzlədi və səs daha ahəngdar oldu.
Əsrlər sonra orqana bir-biri üzərində yerləşən bir neçə klaviaturadan ibarət ifaçı pultu, aşağıda isə ayaqlar üçün nəhəng klavişlər, habelə ən aşağı səsləri canlandıran pedallar əlavə olundu. Orqanın boruları metaldandır, sayı bir neçə minə çatır.
Orqanın klaviaturası son dərəcə mürəkkəbdir, hər bir klaviş onlarca, bəzən yüzlərlə borunu hərəkətə gətirir. Klaviaturanın üzərində yerləşən registr dəstəkləri ilə bu və ya digər borunu açıb-bağlamaq olar.
Dinləyiciyə təsir gücünə görə orqanın səsi heç bir musiqi aləti ilə müqayisə oluna bilməz. Hər bir katolik kilsəsində orqan var. İbadət zamanı onun qəlbləri riqqətə gətirən əzəmətli sədaları qotik üslubda məbədlərin uca tavanlarına yüksəlir.
Əlbəttə, orqan üçün yazılmış bütün musiqiləri kilsə musiqisi saymaq olmaz. Müxtəlif bəstəkarlar, o cümlədən dahi alman bəstəkarı İohan Sebastyan Bax bu musiqi aləti üçün çoxlu sayda gözəl əsərlər yazıblar. Musiqi əsərində orqandan təkcə solo deyil, həm də ansambl aləti kimi istifadə edilir. Orqanın sədaları başqa musiqi alətləri, orkestr ilə, habelə oratoriya, kantata kimi əsərlərin, Zəbur ayələrinin oxunması ilə çox gözəl uzlaşır. Amma operada orqandan nadir hallarda istifadə olunur.
Azərbaycanda orqan musiqisinin banisi Arif Mirzəyevdir. Zəmanəmizin böyük musiqiçiləri, o cümlədən orqançalan professor A.Kotlyarovski, dirijor Kurt Mazur, avanqardist bəstəkar Udo Simmerman Rusiya və Qərbi Avropa mətbuatında Arif Mirzəyevi Şərqin Baxı adlandırırlar. “Yanvar passionları” (20 Yanvar şəhidlərinin xatirəsinə) matəm musiqisi, “Üzeyir Hacıbəyli” İkinci orqan simfoniyası, kamera orkestri üçün “Nyu-York passionları” (Nyu-Yorkda 2001-ci il 11 sentyabr faciəsinin qurbanlarının xatirəsinə) bəstəkarın ən məşhur əsərləri sayılır.
03.12.2013