Təbiət

Müxtəlif növ maraqlı bitkilər

Qalib soğan - Bu hündürlüyü 20-50 santimetr olub, sarımsaqiyli bitkidir. Çox da böyük olmayan kök yumrularından 2-3 lansetvari yaşıl yarpaqlar əmələ gəlir. Xırda, yaşılımtıl, ağ çiçəkləri, şarşəkilli çətirdə toplanıb. İyun-iyul aylarında çiçək açır. Bitkinin yaşıl hissəsinin tərkibi çox qiymətli kimyəvi birləşmələrlə zəngin olduğundan özünə oxşar başqa növlərindən fərqlənir. Qalib soğanın tərkibində 1,4 faiz kül, 100-200 mq faiz C vitamini, 24 faiz zülal, 6,5 faiz sulu karbohidratlar, 1 faizə qədər sellüloza, 89 faiz su, 0,1 faiz üzvü turşular, 4 mq faiz karotin, B vitamini qrupu aşkar edilib. Bitki salat, ət və balıq xörəklərinə əlavə olunmaqla istifadə edilir. Azərbaycan ərazisində qalib soğana Quba rayonunda yayılan meşəlik sahələrdən tutmuş subalp çəmənliklərinə qədər rast gəlmək olar. Bitkiyə dağ çəmənliklərində də təsadüf edilir. Xalq təbabətində qalib soğandan hazırlanan cövhərdən qızdırma, revmatizm zamanı kompres kimi istifadə edilir. Bitki çiy halda öskürək, qurd əleyhinə, ateroskleroz, qalxanabənzər vəzinin xəstəlikləri zamanı və iştahanın artırılması məqsədilə yeyilir. Bunun üçün bitkidən turşuya və duza qoyulmuş halda istifadə etmək olar. Qalib soğan orqanizmin möhkəmləndirilməsində, soyuqdəymədə, mikrob əleyhinə, tərlədici, sidikqovucu kimi dizenteriyanın, köpmənin qastroentritin və s. müalicəsində də işlədilir. 

 

Qulançar (Mələçöyüd) - Dünya florasının tərkibində qulançar cinsinin 300-ə qədər növü yayılıb. Bunlardan Qafqazda 11, o cümlədən Azərbaycanda 9 növünə təsadüf etmək olar. Qulançara yabanı halda meşə açıqlıqlarında, çəmənliklərdə, kolluqlar arasında rast gəlmək olar. Bu hündür, çoxillik tərəvəz bitkisi, öz zərif-yaşıl budaqlarının gözəlliyi ilə insanın əhvali-ruhiyyəsini qaldırmaqdan başqa, qiymətli müalicəvi təsirə malikdir. Xalq arasında qulançarın cinsi aktivliyin artırılmasında oynadığı rol yüksək qiymətləndirilir. Qədim yunanlarda belə atalar sözü var: “Hərgah sən qulançar yeməsən, bəs gücü haradan alacaqsan?”. Qulançara ən çox Uzaq Şərq ölkələrində təsadüf edilir. Qədim dövrün həkimləri bu bitki ilə bir sıra xəstəlikləri – böyrək daşlarını, qızdırmanı və s. müalicə edirmişlər. Müalicə məqsədləri üçün bitkinin kök və cavan zoğlarından istifadə edilir. Qulançardan hazırlanan preparatlar orqanizmin müqavimətinin gücləndirilməsində, tonusun azalmasında, sakitləşdirici, qantəmizləyici, daşəridici, ağrıkəsici, soyuqdəymə, skleroz zamanı, şəkər əleyhinə, sidikqovucu, işlədici və s. tətbiq edilir.

 

 May inciçiçəyi - Dünya florasının tərkibində fəsilənin 240 cinsi və 4000-ə qədər növü yayılıb. Fəsiləyə daxil olan növlərə dünyanın hər yerində rast gəlmək olar. Bu növlər kökümsovlu, soğanaqlı və kök yumrusuna malik olan çoxillik otlardır. Fəsiləyə daxil olan soğan, sarımsaq, qulançar, çiriş və s. yeyinti, asırqal (çöpləmə), novruzçiçəyi, əzvaydan müalicə, tülpan, zanbaq və s. isə bəzək təbiətlidirlər. Fəsilənin maraqlı cinslərindən biri də – inciçiçəyi hesab edilir. 

 


 Tikanlı loğman və ya müalicə kaktusu – Aloye (Əzvay) - Karri səhrası… Bizə çox tanış olmayan səhra bu cür adlanır. Hamıya qismət olmur ki, gedib Afrikada olan Kalaxari səhrasını görsün və orada yayılan bitki aləmi ilə tanış olsun. Dünyanın heç bir yerində tayı-bərabəri olmayan Narıncı çayı da buradan axır. Afrika ərazisində yayılan səhra gözəlliklərindən olan əzvay da buranın daimi sakinlərindən hesab edilir. Əzvayın çiçəyi üçyuvalı olub, yaşılımtıl-qonur rəngdə olduğu halda, meyvəsi qutucuq olub, qaramtıl-qonur, kənarı sıxılmış qanadlı toxumdan ibarətdir. Əzvayın yarpaqları bizim ərazidə yayılan ağacların yarpaqlarına oxşamır. Əzvay yarpaqları qalın, ətli, alt hissəsi şişmiş, çökmüş, “əyilmiş” vəziyyətdədir. Kənarları iri mişarşəkillidir.

 


Hind soğanı – Bitkinin latınca adının mənası “Ornitoqalum” yunanca mənası isə “ornis” (quş) və “qalum” (süd) mənasını bildirir. Bəzən bu bitkini “Çin və ya monqol soğanı” da adlandırırlar.