Bu maraqlıdır!

Kainat necə yaranıb?

Şagird müəllimindən soruşur: “Biz nədən yaranmışıq?” 
Müəllim cavab verir: “Biz hüceyrədən yaranmışıq”.
Şagird: “Bəs hüceyrə nədən əmələ gəlib?”
Müəllim: “Yer yarananda hüceyrə də yaranıb”.
Şagird: “Onda Yer kürəsi necə əmələ gəlib?”
Müəllim: “Fərziyyəyə görə Günəş ətrafında olan qaz və toz zərrəcikləri bir yerə yığılaraq planetləri, o cümlədən Yer kürəsini əmələ gətirib”.
Şagird: “Bəs bu toz zərrəcikləri hardan əmələ gəlib?...”


Qədim Babil əfsanəsinə görə göy bərk qübbə olub, yastı olan yerin kənarına söykənir. Göy dünyanı yaradan göy sakinlərinin məskənidir.


Aristotelə görə planetlər, Ay və Günəş hər biri öz sferasındadır. Bu sferalar bir-birinin içərisində konsentrik olaraq yerləşib. Yer kürəsi isə onların mərkəzində durur. Orta əsrlərdə Avropada kainat haqqındakı təsəvvürlər misirlilərin və yunanlarınkından da çox-çox bəsit idi. Hətta Yerin kürə şəklində olmasını inkar edir, onu yastı dairə və ya dördbucaqlı hesab edirdilər. Ulduzları isə göy qübbəsinə vurulmuş qızıl mıxlar, yaxud da mələklərin yandırdıqları çıraq hesab edirdilər. XX əsrin əvvəllərində isə kainatın böyük partlayışdan yaranması fərziyyəsi irəli sürüldü. Belə ki, həmin dövrdə Amerika astrofiziki V.M.Slayfer ilk dəfə qalaktikaların bizdən uzaqlaşmasını müəyyən etdi. O vaxta qədər heç kəs qalaktikaların bizdən uzaqlaşmasını bilmirdi və digər qalaktikalara qədər məsafələr məlum deyildi. V.M.Slayferin hesablamalarına görə, qalaktikalar bizdən 200-300 km/san sürətlə uzaqlaşır. Bəzi qalaktikaların sürəti isə hətta 1100 km/san-yə çatır. V.M.Slayfer qalaktikaların bizdən uzaqlaşmasını Dopler effektinə əsaslanaraq söyləyirdi. Müşahidələr zamanı Slayfer uzaq ulduzlardan gələn işığın spektrinin qırmızı tərəfə sürüşdüyünü görərək bu fikrə gəlmişdi. 


Fizika kurslarında işığın spektrlərə ayrılmasını öyrənmişik. İlk dəfə bunu Dopler kəşf etmişdi. Uzaqlaşan qalaktika işıq spektrinin qırmızı, yaxınlaşan isə bənövşəyi rəngə tərəf sürüşməsi ilə qeyd olunur. Bu açıqlama göstərdi ki, bütün qalaktikalar bizdən uzaqlaşır. Məgər biz kainatın mərkəzindəyik? Məsələ ondadır ki, bütün qalaktikalar təkcə bizim Qalaktikadan yox, bir-birindən də uzaqlaşırlar. Çoxsaylı qalaktikalara qədər olan məsafə ilk dəfə Amerika astronomu E.Habbl tərəfindən təyin edilib. Qalaktikalara qədər olan məsafəni və onların sürətini müqayisə edən E.Habbl bunlar arasında qanunauyğunluq tapıb. O müəyyən edib ki, çox uzaqda olan qalaktika bizdən daha böyük sürətlə uzaqlaşır. Bu faktlara əsaslanaraq, qalaktikaların sanki bir nöqtədən kainatın ucsuz-bucaqsız ənginliklərinə səpələndiyini söyləmək olar. Bunun əsasında kainatın böyük partlayışdan yarandığı fərziyyəsi meydana gəlib. Belə çıxır ki, “böyük partlayışdan” əvvəl kainatda olan bütün kütlələr bir yerdə olub. Yığılan kütlələrin çox böyük qüvvə ilə sıxılması nəticəsində böyük enerji yığılıb və sonda güclü partlayış baş verıb. Bu partlayış nəticəsində bütün maddələr bir nöqtədən müxtəlif istiqamətlərə səpələnmiş və bir-birindən uzaqlaşmağa başlayıb. Hazırda kainat öz ölçülərini genişləndirməkdə davam edir. “Bu nə vaxta qədər davam edəcəkdir” sualı isə açılmamış qalır. İnsanları maraqlandıran suallardan biri də kainatın hara, nəyin içində böyüməsidir. Bu sualın qoyuluşu özlüyündə düzgün deyil. Belə hesab edirlər ki, kainatdan kənarda heç nə yoxdur. Nəinki qalaktikalar, dumanlıqlar, ümumiyyətlə, kainatdan kənarda nə fəza, nə də zaman mövcuddur. Kainatın genişlənməsi üçün ondan kənarda heç nə yoxdur. Maraq doğuran suallardan biri də “Kainatın mərkəzi varmı”, “Böyük partlayış kainatın hansı nöqtəsində baş verib” suallarıdır. Partlayış zamanı ayrılan kütlələr nə vaxtsa sürətlərini azaldıb, yenidən əks proseslə kainatın mərkəzinə doğru hərəkət edərək bir nöqtəyə yığışacaqlarmı? Görəsən, böyük partlayışdan əvvəl nə olub? Nə var idi?