Alternativ enerji
İstənilən fəaliyyət növü üçün enerji tələb olunur. Enerji istilik, işıq, hərəkət deməkdir. Həyatda bu enerjini insanlar bərpa olunan və bərpa olunmayan enerji mənbələrindən alırlar. Bərpa olunan enerji mənbələrinə Günəş, külək, su ehtiyatları və s. aiddir. Bu enerji mənbələri nə qədər istifadə olunsada, tükənmir. Bərpa olunmayan enerji mənbələrinə isə daş kömür, neft, qaz, torf və s. aiddir.
Gəlin insanlar tərəfindən çox qədim zamanlardan enerji mənbəyi kimi istifadə olunan külək və daş kömürü müqayisə edək. İnsanın külək enerjisindən nə qədər istifadə etməsindən asılı olmayaraq planetimizdə külək azalmayacaq, necə əsirdisə, eləcə də daim əsəcək. Daş kömür ehtiyatı isə nə qədər çox olsa da, tükənməz deyil. Daş kömürün əmələ gəlməsi üçün yüz milyonlarla il lazımdır.
Axar suyun enerjisindən də insanlar qədim dövrlərdən istifadə edirlər. Müasir dövrdə isə su-elektrik stansiyalarında bu enerji mənbəyindən elektrik enerjisi alınır.
Günəş bizim planetimizdə tükənməyən ən güclü enerji mənbəyidir. Günəşin enerji ehtiyatı qeyri-məhduddur. Bu enerjini bir yerdən başqa yerə nəql etmək lazım deyil, o, planetin hər bir guşəsində var.
Nə qədər ki Günəş işıq saçır, külək əsir, çaylar axır, Yer kürəsində bərpa olunan enerji mənbələri mövcud olacaqdır. Lakin təəssüf ki, onlardan hələ ki kifayət qədər istifadə olunmur. İnsanlar daha çox bərpa olunmayan enerji mənbələrinə üz tuturlar. Müasir dövrdə insanlar istifadə etdikləri enerjinin 80%-ni məhz bu enerji mənbələrindən alırlar. Yer üzərində bu enerjinin miqdarı hələ ki kifayət qədər çoxdur. Lakin son dövrdə insanlar getdikcə daha çox onun çatışmadığı barədə danışırlar.
Çünki bəşəriyyət özünün və təbiətin bərpa edə bilməyəcəyi təbii ehtiyatların istifadəsində israfçılığa yol verir. Buna görə də bərpa olunmayan enerjiyə qənaət etmək hər kəsin borcudur.
Beləliklə, dünya iqtisadiyyatında bərpa olunmayan enerji mənbələrindən çox istifadə edilməsi bu ehtiyatların tükənməsinə gətirib çıxarır. Eyni zamanda bu yanacaq növlərindən qalan tullantılar təbiətə və insan sağlamlığına da böyük ziyan vurur. Belə ki, təbii qazın, maye yanacağın istifadəsi zamanı ətrafa çoxlu miqdarda zərərli maddələr yayılır. Faydalı qazıntıların yanması nəticəsində atmosferə buraxılan karbon qazının getdikcə artması planetimizdə iqlim dəyişikliyinə gətirib çıxarır. Son zamanlar haqqında çox danışılan qlobal istiləşmənin səbəbini də məhz bununla əlaqələndirirlər. Bu mövzu ilə bağlı söylənilən bəzi fikirlər hər kəsi təşvişə salır. Çünki yaşadığımız gözəl dünyanın yaşanmaz hala düşməsini görmək, hətta təsəvvürümüzə gətirmək belə istəmirik.
Yer atmosferi elə yaradılmışdır ki, planetimizdə yaşayış mümkün olsun. Atmosfer təbəqəsinin yeddi qatının hər birinin özünəməxsus funksiyası vardır. Əgər bu təbəqələr olmasa idi, Günəşin məhvedici şüaları Yer səthində bütün canlı aləmi bir andaca məhv edərdi.
Müasir dövrdə insanların fəaliyyəti nəticəsində ətraf mühit kimyəvi tullantılarla çirkləndirilir. Bu, atmosfer təbəqələrinin nizamının pozulmasına gətirib çıxara bilər. Bunun nəticələri isə çox ağır olar. Pozulmuş ekoloji tarazlığın bərpası çox çətindir. Bir sıra alimlər iqlim dəyişməsinin səbəbini də insanların fəaliyyətində axtarırlar. Onların fikrincə, müasir dövrdə texniki-iqtisadi inkişaf elə səviyyəyə çatmışdır ki, insanlar ətraf mühitə təbii amillərdən daha çox təsir göstərirlər.
Bütün deyilənlər bərpa olunan, başqa sözlə, alternativ enerji mənbələrindən istifadənin çox vacib olduğunu bir daha sübut edir. Yer üzərində sivilizasiyanın inkişafı və bəşəriyyətin gələcəyi naminə insanlar enerjiyə olan tələbatını bərpa olunan mənbələr hesabına əldə etməyin yollarını mütləq tapmalıdırlar.
28.11.2018