Azərbaycan xalq-tətbiqi sənəti və onun bir qolu olan xalçaçılıq xalqın milli mədəniyyəti tarixində özünəməxsus yer tutur. Arxeoloji materiallara və yazılı mənbələrə əsasən Azərbaycanda xalçaçılıqla hələ Tunc dövründən (e.ə. II minilliyin sonu - I minilliyin əvvəllərində) məşğul olmuşlar.
Sasanilər dövründə (III-VII əsrlər) Azərbaycanda xalçaçılıq sənəti daha da inkişaf etdi, ipəkdən, qızıl-gümüş saplardan nəfis xalçalar toxundu.
Orta əsrlərdə qızıl-gümüş saplardan toxunan xovsuz xalçaların əsas istehsal mərkəzləri Təbriz, Şamaxı və Bərdə şəhərləri idi.
XIII – XIV əsrlərdə Azərbaycandan xarici ölkələrə çoxlu xalça və xalça məmulatı ixrac edilirdi. İncə ornamentləri, zərif və nəfis naxışları ilə diqqəti cəlb edən bu xalçalar məşhur Avropa rəssamlarının əsərlərində, miniatürlərdə öz əksini tapır.
XVIII əsrin ikinci yarısında Azərbaycanın şimalı kiçik feodal dövlətlərə – Şəki, Bakı, Quba, Şamaxı, Qarabağ, İrəvan, Gəncə, Naxçıvan və digər xanlıqlara bölünmüşdü. Xanlıqlar dövründə xalça istehsalı daha da genişləndi.
Hazırda Azərbaycanda yeddi tanınmış xalça məktəbi məlumdur: Bakı, Quba, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbriz xalça məktəbləri.

Azərbaycan xalçaları yalnız bölgələrə görə fərqlənmir. Hazırlanma üsullarına görə də seçilir. Daha ümumi şəkildə onları iki böyük qrupa ayırmaq olar: xovlu və xovsuz xalçalar. Xovsuz xalçaların onlarla növ vardır: palaz, kilim, cecim, sumax, şəddə, vərni… Xovsuz məmulatlar sırasına xalçalardan əlavə məfrəş və xurcunlar, çuval və çullar, heybə və örkənlər, kiçik çantaları əvəz edən xalça məmulatları, torbalar və digərləri də xovsuzlar qrupuna aid edilir. Xalçalardakı bu müxtəliflik insanların həyat tərzi ilə əhəmiyyətli dərəcədə bağlıdır.
Ən çox tanınmış miniatürçü rəssamlardan biri, Azərbaycan naqqaşlıq məktəbinin banisi Sultan Məhəmməd olmuşdur. Həmin dövrün bəzi xalçalarının eskizlərinin Sultan Məhəmməd tərəfindən çəkildiyi ehtimal olunur. Bu eskizlərin Sultan Məhəmməd və yaxud şagirdləri tərəfindən hazırlanmasından asılı olmayaraq, onun Təbriz xalçaçılıq məktəbinə sənətinə əhəmiyyətli təsiri danılmazdır.
Azərbaycan xalçalarına diqqətlə baxanda, qeyri-ixtiyari olaraq, musiqi ilə, xüsusən, muğamın möcüzəli ornamentallığı ilə bağlılıq sezilir. Muğam və xalça – incəsənətin unikal formaları, xalqın yaradıcı təxəyyülünün bənzərsiz məhsullarıdır.
Elmdə “Şeyx Səfi” adı ilə tanınan xalça bu günədək qorunub saxlanan Azərbaycan xalçalarının ən məşhuru və ən böyüyüdür. “Şeyx Səfi” xalçası Azərbaycan Səfəvilər sülaləsinin banisi şah İsmayıl Xətainin oğlu I Təhmasibin ideyası ilə 1539-cu ildə Təbrizdə Ərdəbil məscidi üçün yaradılmışdır. Dünya mədəniyyətinə məxsus bu unikal əsərin müəllifləri azərbaycanlı sənətkarlarıdır. 1893-cü ildə “Şeyx Səfi” xalçası ingilislərin əlinə keçmişdir və hazırda Londondakı Viktoriya və Albert muzeyində “İslamic Art” (İslam incəsənəti”) zalında saxlanır.