Tapmacalar

Yaz fəsli ilə bağlı tapmacalar

Deyin, nə vaxt
Əriyir qar,
Baş qaldırır
Yaşıl otlar?
(Yazda)

 

Yazda yığar yeməyini,
Çox sevər öz əməyini,
Yuvasında baharadək
Yeyib-yatar, tapın görək?
(Qarışqa)

 

Yağar yağış, qaçar qış,
Əlində rəngbərəng iş.
Yaşıllaşar, boylanar,
Fəsillərə naz satar.
(Bahar)

 

Ay gedər, ha il gedər,
Gecə-gündüz yol gedər.
Nə dili var, nə ağzı
Nərildər aslan gedər.
(Sel)

 

Köpüklənər, sellənər,
Ağ pərdədən əllənər.
(Duman)

 

Burda vurur qılıncı
Göydə oynayır ucu.
(Şimşək)

 

Hoppandı navalçaya,
Axdı tuta, alçaya.
(Yağış)

 

Altı ayda bir qarış,
Bir ayda altı qarış.
(Sünbül)

 

Göydən gələ-gələ,
Düşür gilə-gilə,
Bunun adı nədir?
Gərək hamı bilə.
(Yağış)

 

Ahanı, ha ahanı,
Gəzər cümlə, cahanı.
Dərələrdə öldürdüm,
Nə əti var, nə qanı.
(Külək)

 

Dağlarda qar əridi,
Ayaq tutub yeridi.
Dərə görüb bağırdı,
Dərya görüb kiridi.
(Sel)

 

Uçan bir kəpənəkdir,
İşi tamam kələkdir.
Usta əli dəyməmiş
Xırmanlarda gərəkdir.
(Külək)

 

Əl ilə tutmaq olmaz,
Göz ilə görmək olmaz.
(Külək)

 

Qanadı yoxdur uçar.
Ayağı yoxdur qaçar.
(Bulud)

 

Nimçədə mənim
Var yaşıl zənnim.
(Səməni)

 

Qanadı var, quş deyil,
Buynuzu var qoç deyil.
(Kəpənək)