Tapmacalar

Teymur Elçin. Tapmacalar

Bu quşa bax, qapqara,

Səsi düşüb bağlara,

Bircə sözü varr, varr,

Hey danışır: qarr, qarr.

                          (qarğa)

***

 

Uca-uca evlərə

Pilləkənsiz çıxıram,

Günəşi damcı-damcı

Salxımlara yığıram,

Rəngləyirəm: ağ, qara,

Verirəm uşaqlara.

                          (üzüm)

***

Gəzə-gəzə

Çıxdım düzə:

Dırım-dırım.

Torpaq oldu

Şırım-şırım

Kotan çəkdim,

Toxum əkdim. 

Hamı bilir

İşləyirəm,

Dəmir atam,

Kişnəyirəm:

Tak, tor,

Tak, tor

De, adın nədir?

                           (traktor)

***

Görən deyər cansızam, 

Mən qan soran qansızam,

Gölməçələr məskənim,

Tapın: hansı vız-vızam?

                          (ağcaqanad)

***

-Göydən yerə buz yağır!

-Görün necə duz yağır!

Darı boyda,

Fındıq boyda

Qoz boyda.

-Görməmişəm

Qarpız boyda,

-Görməmişəm 

Toz boyda.

                                 (dolu)