Şeirlər

Rüxsarə İbadova. Rəqəmləri dinləyək, biz saymağı öyrənək

1

Yarışda yaxşıdır ki,
Sən birinci olasan.
Məktəbdə oxuyanda,
Olmaya «bir» alasan!

 

2

Birin üstünə
Əgər bir gəlsən,
Neçə olacaq,
Deyə bilərsən?

İki gözün var,
İki qulağın.
İki əlin var,
İki ayağın.

 

3

Üçbucağın bir baxın,
Üçcə dənədir tini.
İndi sayın uşaqlar,
Onun tərəflərini.

 

4

Bir ildə dörd fəsil var,
Bilirsinizmi, uşaqlar?
Biri qış, biri yazdır,
Sonra yaydır, payızdır.

 

5

Bir əldə beş barmaq var,
Sayın, düzdür, uşaqlar?!
O biri əlinizdə
Görün neçə barmaq var?