Gədəbəy abidələri - Cavanşir qalası
Bu qala uca dağlar qoynunda yerləşən, səfalı təbiətə və zəngin maddi-tarixi irsə malik Gədəbəy rayonunun mərkəzindən 15 kilometr aralıda yerləşir.
Tarixi Qalakənd və Miskinli kəndləri arasında sıldırım qayalığın zirvəsində, sərt yamacda ucaldılmış qala strateji baxımdan olduqca əlverişli yerdədir. Dəniz səviyyəsindən 2 min metr yüksəklikdə yerləşən abidəyə yalnız piyada qalxmaq mümkündür. Dağın dibindən qalaya qədər 740 metr yolu qət etmək gərəkdir. Hətta uzaqdan Gədəbəyin simvolu olan məşhur "Siemens körpüsü"nə də tamaşa etmək mümkündür.
Tikilinin divarlarının eni bir metrə yaxındır. Müdafiə məqsədilə inşa olunmuş qalada yeraltı gizli yol və gizli su xətti də aşkar edilib. Bəzi mənbələrdə bu qədimi tikilinin alban tarixi memarlıq abidələri sırasına daxil olduğu, VII əsrdə Qafqaz Albaniyasının hökmdarı Cavanşir tərəfindən tikdirildiyi bildirilir.
Koroğlunun zamanında bu qalada yaşadığı, tikilinin onun əsas sığınacaqlarından biri olduğu da ehtimal olunur. Bu ərazi təbii gözəlliyi baxımından Siemenslər dövründə alman mətbuatında Cənnət qala adı ilə də vəsf edilib. Özünə çox sayda yerli və əcnəbi turistləri cəlb edən, Gədəbəyin "vizit kartı" hesab edilən tikililərdən olan bu tarixi qalanı görməyə dəyər.
27.02.2026