Musa Aybək. Fənərçi baba
Axşam kimsəsiz, dar küçəni ancaq Tursunəl əminin köhnə qapısının üzərinə asılmış fənəri işıqlandırırdı. Hər axşam onu babatboy, üzü qırışmış bir qoca gəlib yandırardı. Biz ona “Fənərçi baba” deyərdik. Çox sakit insan idi. Kiçik nərdivanını qoltuğuna vurub gətirər, canbaz kimi ona dırmaşar, cibindən çirkli əl dəsmalını çıxarıb fənərin “göz”lərini — şüşələrini silər, yandırandan sonra aşağı düşər, əyilmiş kürəyinə kiçik nərdivan yükləyib bir anın içində gözdən itərdi.
Bir müddət sonra fənər üçün dirək tikildi. Həmin gün məhəllə uşaqları ilə çox sevinib, dirəkdən asılmış fənərə böyük maraqla baxmışdıq. Ancaq bu maraq da uzun çəkmədi, bir qədər sonra fənər heç kimin yadına belə düşmədi.
Bununla belə, məhəllə uşaqlarının fənərlə bağlı anlaşılmaz bir düşmənçiliyi yarandı. Hamımız yığılıb sıra ilə fənərə dəbbəmizi* atırdıq. Dəbbə ilə fənəri vurmağı bacaran uşaq “mahir nişançı” adını alıb lovğalanardı. Ancaq bu da bizə xoş olmazdı. Çünki ipəklə bəzədilmiş dəbbədən zərbə alan fənər başqa rəngə çalır, sanki bizim müvəffəqiyyətimizi ələ salırdı. Axırda biz də əlimizə daş-kəsək alıb fənərə “hücum etməyə” başladıq, getdikcə bu vəziyyət vərdiş halını aldı. Axı ancaq bu halda fənər bizim gücümüz qarşısında aciz qalırdı.
Kiçik bir daş-kəsək onun “göz”ünü sındıra bildi. Fənərin “göz”ünün sındığını görən Fənərçi baba həftədə üç-dörd dəfə ona “gözlük” alıb taxardı. Biz də o yeni “göz”ü oynadan olurduq. Buna baxmayaraq, Fənərçi baba bizə heç bir kəlmə də deməzdi. Düzü, onun bu səssizliyi bizə heç xoş deyildi. İstəyirdik ki, o bizi qovsun, arxamızca qaçsın, tutmaq üçün pusquda dayansın, hətta birimizi tutub kötəkləsin. Ancaq bu istəklərimizin bircəsi də gerçəkləşməzdi.
Amma bir gün, yaxşı yadımdadır… Axşam tərəfi idi, küçə həmişəki kimi uşaqlarla dolmuşdu. Aramızda ən qorxusuz, ən şücaətlisi olan — Topal Qasım bizi başına topladı:
— Ey uşaqlar! Toz-torpaq basmış üzlərimizi ona tərəf çevirdik, baxışlarımızı ona zilləyib nə deyəcəyini gözlədik. — Bir neçə dəqiqə sonra Fənərçi baba gələcək. Fənəri sındırmağa hazır olun!
Sözünü deyib planı həyata keçirmək üçün nəsə atmağa başladı. Biz də o nə edirdisə, təkrarlayırdıq. Hərəmiz əlimizə kiçik, böyük daş-kəsək götürüb fənərə tuşladıq. Havadə ard-arda uçan “silahlar”ımız fənərin bütün gözlərini sındırıb tökdü. Elə bu vaxt qəddi bükülmüş Fənərçi baba bizə yaxınlaşdı. Lap yanımızda dayanıb təəssüflə dedi:
— Ay mənim dəlisov balalarım, bu nə işdir tutursunuz? Olmaz ki, hədəfiniz başqa şey seçəsiniz, fənərə toxunmayasınız? Fənər yuxarıda dayanıb, siz yerdə oynaya bilmirsiniz? O ki sizə dəymir…
Uşaqların heç birindən səs çıxmadı. Fənərçi baba sözünə davam etdi:
— Siz hələ uşaqsınız, gözləriniz istədiyiniz hər şeyi görüb seçə bilər. Gecə də, gündüz də sizin üçün birdir. Yatsı namazından sonra ananızın qucağında şirin-şirin yuxuya gedirsiniz. Amma mənim kimi qocalara o fənər gərəkdir. Uşaqlar gözlərini maraqla qocaya dikib səssiz-səmirsiz dayanmışdılar. — Keçən axşam güclü yağış yağırdı. Bura gəlmişdim, amma küçə zülmət qaranlıq idi. Fənərin şüşəsini qırdığınız üçün külək onu söndürmüşdü. Məndən də qoca bir nəfər yolu görə bilməyib çaya yıxılmışdı, çıxa da bilmirdi. Tez özümü yerə atıb kömək etdim, güc-bəla ilə çıxdı. Amma pal-paltarı palçıq, su içində idi.
Uşaqlardan biri soruşdu:
— Bəs qocanın üzü, saqqalı da palçığa batmışdı?
— Hə, bala, hə, batmışdı. Mən də onu çətinliklə evinə apardım, axı hər tərəf qaranlıq olduğundan yolu görə bilmirdi.
Birdən-birə gözümün qabağında Fənərçi babanın dedikləri canlandı. Topal Qasım qışqırdı:
— Yalan deyirsən, yalandır!
Bütün uşaqlar bir ağızdan ona etiraz etdilər:
— Bəsdir, axmaq, baba düz deyir.
— Əgər bir də bir uşaq bu fənərin “göz”ünü çıxarsa, biz onu tutacağıq və babaya təslim edəcəyik. Bildin? — deyə Əhməd əlavə etdi.
Fənərçi baba söylədi:
— İnşallah, bundan sonra daha fənərlə işiniz olmaz, onun şüşəsini sındırmazsınız.
— Xeyr, baba, narahat olma, bir də belə iş tutmarıq.
Fənərçi baba kiçik nərdivanını kürəyinə alıb qaranlıqda gözdən itdi. O gündən sonra heç kim fənərə toxunmadı.
İndi onun yerində məftillə sarınmış, ondan bir az da böyük elektrik lampası yanır. Artıq kiminsə onu yandırmasına ehtiyac da yoxdur. Özü-özünə işıq salır — nə kibrit lazımdır, nə də fənər yağı. Heç bir uşaq da onu daşlamır.
Hər dəfə elektrik lampasının işığında gəzəndə uşaqlığımın ən gözəl xatirəsi Fənərçi babanı yada salıram — o qoca, o xeyirxah, o qayğıkeş insan…
25.09.2026