Təbiət

Havanın təzyiqi

Yer kürəsini əhatə edən hava müəyyən ağırlığa, çəkiyə malikdir.

 

Havanın yer səthinə və oradakı cisimlərə göstərdiyi ağırlıq qüvvəsi atmosfer təzyiqi adlanır. Hər bir nöqtədə atmosfer təzyiqi o nöqtədən atmosferin üst sərhədinə qədər olan hava sütununun ağırlığı ilə müəyyən olunur. Normal atmosfer təzyiqi dəniz səviyyəsindən 0°C temperaturda mövcud olur. Normal atmosfer təzyiqi dəniz səthi üzərində, o°C temperaturda, orta hesabla 760 mm hündürlükdə olan civə sütununun təzyiqinə (ağırlığına) bərabərdir.


Hava öz-özlüyündə çox yüngüldür (sudan 770 dəfə). Bir kub metr havanın 1,3 kq ağırlığı var. Bir litr hava isə 1,3 qr-dır. Bu rəqəmləri biz, dəniz səthi səviyyəsində, yəni normal təzyiq 760 mm və 0°C temperaturda havanı çəkdiyimiz zaman ala bilərik. Eyni şəraitdə quru havanın sıxlığı 1293 q/m3-ə bərabərdir. Havanın sıxlığı çəki üsulu ilə işarə olunur. Hava kütləsinin onun tutduğu həcminə olan nisbətinə havanın sıxlığı deyilir. Bitkilərin inkişafına və heyvan orqanizminə atmosfer təzyiqi bilavasitə təsir etmir, lakin hava təzyiqi, hava kütlələrini təzyiq çox olan yerdən onun az olduğu yerə hərəkət etməsinə səbəb olur.


Təzyiq yer kürəsində sahənin dəniz səviyyəsindən hündürlüyü, temperatur şəraiti, rütubətlik və başqa amillərdən asılı olduğu üçün müxtəlif istiqamətdə dəyişir.


Atmosfer təzyiqinin ölçü vahidləri millimetr (mm) və ya millibarlar (mb) ilə göstərilir. Son zamanlar təzyiqin mütləq vahidi olan millibarlar ilə göstərilir. Bir sm2 səthin üzərinə düşən bir milyon dina (kütləsi 1 qram olan cismə 1 sm/san2 təcil verən qüvvət) təzyiqə bar deyilir. 1000 mb=750 mm. Civə cütununun 1 mm= 1,3332 mb~ı,3 mb.


Atmosfer təzyiqini ölçmək üçün şkalaları mm, yaxud mb ilə bölünmüş baro-metrlər işlədilir, bunların aşağıdakı növləri yayılmışdır: civəli (kasalı) barometr, aneroid və baroqraf.


Ən çox işlədilən barometr kasalı barometrdir. Bu barometrdə yuxarı tərəfdən lehimlənib civə ilə doldurulmuş şüşə borunun aşağı ucu, içində civə olan dəmir, yaxud mis kasaya salınmışdır. Kasada xaricdən hava keçməsi üçün vintlə bağlanan dəlik var. Kasadakı civənin səviyyəsi bu və ya başqa yerdə havanın təzyiqindən asılı olur.

 

Havanın təzyiqi civə sütununun hündürlüyünə görə təyin edilir. Barometrin şüşə borucuğuna nikellənmiş mis boru geydirilmişdir. Mis borunun içərisində civənin səthinin müşahidə etmək üçün iki yarıq açılmışdır. Qabaq yarığın bir tərəfində mis borucuğun üstündə gümüş suyuna çəkilmiş və bölgüləri olan şkala var. Mis borunun bu hissəsinin içində halqa yerləşdirilib: onun qabaq boşluğuna, dişli çarx və başcığı olan dişli səttarə vasitəsilə yuxarı və aşağıya hərəkət edən nonius keçirilmişdir. Başlıqdan aşağı, mis borunun orta hissəsində termometr qoymaq üçün yer açılmışdır. Barometr divara möhkəm bərkidilir.


Atmosfer təzyiqi qanunauyğun olaraq, aşağıdan-yuxarıya doğru qalxdıqca azalmağa başlayır, orta hesabla hər 100 m yuxarıya qalxdıqca 10-11 mm azalır. Atmosfer təzyiqi yer kürəsinin səthində hər yerdə eyni deyil. Hava xəritələrində təzyiqin yayılması izobarlarla işarə edilir. İqlim, yaxud hava xəritələrində atmosfer təzyiqi bərabər olan nöqtələri birləşdirən xətt çəkilir ki, buna da izobar xətti deyilir. İzobar xətləri dünya, yaxud müəyyən nöqtənin xəritəsində dəniz səviyyəsində atmosfer təzyiqinin paylanmasını göstərir.


Yüksəyə doğru qalxdıqca havanın sıxlığı və hava sütununun hündürlüyü azaldığına görə atmosfer təzyiqi də azalır. Yüksəkliyə doğru atmosfer təzyiqinin 1 mm civə sütunu azalması üçün lazım olan hündürlük barik pillə adlanır. Troposferin aşağı təbəqəsində barik pillə 10 m qəbul edilmişdir. Troposferin yuxarı qatlarında barik pillə artır və barik pillə 12 m, 15 m və daha böyük olur.