Betül Yağsağan. Kapitanın xəzinəsi
Keçmiş zamanlarda çox varlı bir kapitan var idi. Bu kapitan qazandığı pulları bir sandığa yığırdı. Həmin sandığı isə gəmisindəki otağında saxlayırdı.
Bunu eşidən bir oğru kapitanın xəzinəsini ələ keçirmək qərarına gəldi. Bir yol tapıb, onun gəmisinə mindi. Çox keçmədi ki, gəmi dəniz səfərinə yola düşdü.
Oğru göyərtədə oturub kapitanın xəzinəsini necə ələ keçirmək barədə fikirləşirdi. Öz-özünə deyirdi: «Necə olursa-olsun, kapitanın otağına girməliyəm. Sandığı oğurlayıb əvvəlcə öz otağımda saxlayar, sonra isə bir qayığa minib, gəmidən qaçaram».
Oğru, kapitanın otağına yaxınlaşdı. Kapitanın otağında olub-olmadığını öyrənmək üçün qapını döydü.
Kapitan qapını açıb dedi:
– Eşidirəm, sizə nəsə lazımdır?
Oğru kapitanı görüb təlaşla dilləndi:
– Bağışlayın, səhv gəlmişəm, mən öz otağımı axtarırdım.
Kapitan qarşısındakı adamın oğru olduğunu anladı. Dərhal onu həbs etdirdi. Gəmidəkilər kapitandan bu adamın oğru olduğunu hardan anladığını soruşdular.
Kapitan gülümsündü:
– Bunu bilməyə nə var? Heç kim öz otağının qapısını döyərək içəri girmir.
Beləcə, kapitan öz ağlını işə salaraq xəzinəsini oğrudan qoruya bildi. Oğru isə heç də hamını asanlıqla aldatmağın mümkün olmadığını başa düşdü.
Bir də heç vaxt oğurluq etməyəcəyinə söz verdi.
08.05.2026