“Azərbaycanım” festivalı çərçivəsində rəsm sərgiləri açılacaq
Xətai Sənət Mərkəzində “Azərbaycanım” Beynəlxalq IX Uşaq və Gənc Rəsm Festivalı çərçivəsində elan olunan “Azərbaycan musiqisi təsviri sənətdə” mövzusunda sərgilər açılacaq.
Bu barədə AZƏRTAC-a mərkəzdən məlumat verilib.
Bildirilib ki, sərgilər mayın 13-dən 15-dək növbəli şəkildə təşkil olunacaq.
Tədbirin təşkilatçıları Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Akademik Filarmoniyası, Azərbaycan Dövlət Rəsm Qalereyası, Beynəlxalq Sulu boya cəmiyyətinin Azərbaycan nümayəndəliyi , Xətai Uşaq Sənəti Qalereyası, Xətai Sənət Mərkəzidir. Dəstəkçilər isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Xətai Rayon İcra Hakimiyyəti, Naxçıvan Rəssamlar Birliyidir.
Müsabiqəyə vətəndaşlarımızla bərabər Türkiyə, Pakistan, Xorvatiya, Rusiya, Bolqarıstan və Moldovadan olan 100-dən çox yeniyetmə və gənc Azərbaycan musiqi alətləri, Azərbaycan rəqsləri, xalq folkloru, musiqili tariximiz, vətənpərvərlik musiqiləri, xalq, müəllif və uşaq mahnılarına illüstrasiyalar, xəyali musiqi səhnələri kimi təsvirlər təqdim ediblər.
Seçimlər müəllifin duyğu və düşüncələri nəzərə alınmaqla, mövzu, ölçü, yanaşma, kompozisiya, rəng həlli əsas götürülərək seçim heyəti tərəfindən yaş kateqoriyasına uyğun aparılıb. Sərgilərdən seçilən hər yaş qrupu üzrə 10 müəllif festivala dəvət alacaq. Əsəri sərgilənən iştirakçılara sertifikat təqdim olunacaq.
Müsabiqə və festivalda iştirak ödənişsizdir.
08.05.2026