Ətyeyən bitkilər-Milçəkqapan
Digər canlılar kimi bitkilərin də yaşaması üçün torpaq, su və havaya ehtiyacı var. Hər bir canlı üçün zəruri ehtiyaclardan biri də azotdur. Çünki azot proteinlərin meydana gəlməsində mühüm rol oynayır. Bütün canlı fəaliyyət isə proteinlərlə həyata keçirilir. Azot əsasən torpaqda olan bir ehtiyacdır. Ancaq elə torpaqlar var ki, azot baxımından çox yoxsuldur. Başqa bitkilərdən fərqlənən Ətyeyən “Karnivorus” bitkilər azotu az olan torpaqlarda bitdiyindən, ona olan ehtiyacını ödəmək üçün həşəratları və kiçik heyvanları yeyir.
Ət yeyən bitkilər özləri ov ardınca getmir, cəlbedici rəngləri və iyləri sayəsində böcəkləri cəlb edir, onları proteinə çevirəcək tələnin içinə salır. Həşəratlar bu bitkilərin ifraz etdiyi maddənin “şəkər” olduğunu düşünüb, bitkinin yarpaqlarındakı tüklərə toxunurlar. Böcəyin tüklərə dəyməsi nəticəsində bitkidə mexaniki dəyişiklik meydana gəlir. Bu dəyişiklik qısa bir vaxtda tüklərin altındakı qəbuledicilərə ötürülür. Qəbuledicilər isə meydana gələn elektrik siqnallarını yarpağın hər tərəfinə yayır. Siqnallar yarpaqları hərəkətə gətirəcək hüceyrələrə qədər gedib çatır və bitki bir göz qırpımında (təqribən saniyənin onda biri qədər) bağlanır. Bu cazibədar yarpaqlar bağlanan kimi böcəklər özlərini qaranlıq bir mühitdə görürlər.
Böcəklərin ilk refleksi, təbii ki, var gücləri ilə çırpınmaq olur. Ancaq bu cəhdlər sadəcə olaraq yarpaqların daha da sıx bağlanmasına gətirib çıxarır. Çünki böcək hər dəfə çırpınanda tüklərə toxunur və beləliklə, proses daha da “güclənir”. Belə olduqda yarpaqların daxilindəki həzm vəziləri də prosesdən xəbərdar olur və “həlledici” maye ifraz etməyə başlayır. Beləliklə, böcək yavaş-yavaş bitkinin həzm edə biləcəyi proteinlə zəngin bir qidaya çevrilir. Həzm prosesi tamamlandıqdan sonra sistem tam tərsinə işləməyə başlayır və tələ açılır. Budur, bitki yenə də böcəkləri özünə cəlb edən gözəlliyi ilə göz qarşısındadır.
Milçəkqapanlara “Nepenthes, Drosera, Pinguicula, Dionaea muscipula, Sarracenia, Venerin” və digər növləri göstərmək olar. Bu bitkilər iki əsas qrupa bölünür. Bəziləri öz gövdələrini hərəkət etdirərək şikarlarını tutduğu halda, digərləri hərəkət edə bilməz, öz xüsusi tələlərindən istifadə edərlər.
Nepenthes (Monkey Cup) Meymun fincanı adlanan bitki Cənub-Şərqi Asiya, Hindistan, Madaqaskar və Avstraliyaya məxsus tropiki bitkidir. “Meymun fincanı” adı içinə tökülmüş yağış sularının meymunlar tərəfindən içildiyinə görə verilib. Nepentheslərin böyük formaları siçan kərtənkələ qurbağa kimi kiçik onurğalıları da tutaraq qidalana bilir. Əsasən meşəlik ərazilərdə bitir.
27.09.2018