Qasım bəy Zakir. “Tülkü və Qurd”
Bir rubəhi-gühənsalə gedirdi,
Qismət üçün seyri-aləm edirdi.
Obadan kənara gördü, ittifaq,
Atıblar səhrayə bir dünbeyi-çaq.
Diqqət ilə baxıb, tələni seçdi,
Yavuğa düşməyib, uzaqdan keçdi.
Gəzər ikən oldu bir qurda düçar,
Dedi: "filan yerdə yaxşı tömə var".
Biçarəni çəkə-çəkə gətirdi,
Bir azca qalmışdı quyruğu gördü.
Dedi: "təəccübəm, sən belə şeyə
Düçar oldun, özün yemədin niyə?"
Dedi: "boynumda var qəza orucum,
Tutmuşam ki, saqit ola borcum."
Soxuldu quyruğu yerdən götürə,
Neçə gündü naharsızdı, ötürə;
Çırtlayıb, payinə tələ oldu bənd,
O yana, bu yana tullandı hərçənd,
Nə qədər güc vurdu, götürmədi əl,
Kəsilib əlacı, qaldı məəttəl.
Tülkünün əlinə düşdü girəvə,
Quyruğu yeyirdi çox sevə-sevə.
Dedi: "sən deyirdin orucam, bayaq,
Nədir yeyirsən indi bu sayaq?"
Dedi: "oruc idim, amma bu axşam
Təzə ayı görüb, etmişəm bayram."
Hiyləsinə o pürfənin inandı,
— Bəs mənim bayramım, — dedi, — haçandı?
— Sənin də bayramın sahibi-tələ
Gələndədir, — dedi, — tələsmə hələ.
Hər kimsədə ola əqlü fəhmü huş,
Bu məsəli eyləməsin fəramuş:
əvvəl gərək suyu yoxlasın möhkəm,
Boylayandan sonra soyunsun adəm.
Nəinki etməyib fikir, əndişə,
Sala canavar tək özünü işə.
Həm özünün payın, həm onun payın
Tülkü yeyə bidərd-sər, arxayın.