Əsrarəngiz güzgülər aləminə səyahət. 7 hissə
Köhnə tanışların yeni peşələri
Günəş qəzeti
Şəhər mənzilinin vanna otağında həm isti, həm də soyuq su var. Amma bəzi kənd yerlərində bu cür rahatlıq yoxdur. İnsanlar dirəklər üstünə iritutumlu çənlər qoyurlar və içinə soyuq su doldururlar. Artıq üç saat sonra isti duş qəbul etmək olur. Günəş şüaları tünd rəngli səthi sürətlə qızdırdığına görə belə çənlərə çox vaxt qara rəng çəkirlər. Alimlər bu primitiv istilik qurğusunu “isti qutu” adlandırırlar. Onun köməyi ilə dəniz suyunu duzdan təmizləmək, meyvə-tərəvəzi qurutmaq mümkündür. Əgər “isti qutu”ya güzgü bərkidilsə, möcüzəli qurğu əldə olunar.
1878-ci ildə Parisdə Ümumdünya Sərgisi keçirilirdi. Sərgidə dünyanın müxtəlif ölkələrində yaradılan ən yaxşı məmulat nümayiş etdirilirdi. Minlərlə xarici vətəndaş elm və texnikanın son nailiyyətlərini öz gözü ilə görmək üçün Parisə gəlmişdi. Fransız ixtiraçısı A.Muşonun öz “günəş” qazanını nümayiş etdirdiyi pavilyon xüsusilə qələbəlik idi. Qazanın içindəki suyu oturacağının diametri 5 metr olan konus formasında nəhəng güzgüdən əks olunan günəş şüaları qızdırırdı. Güzgüdən əks olunan şüalar fokuslanaraq, qazanın səthində bir nöqtədə cəmlənirdi. Bu, “isti qutu” effektini gücləndirirdi. Qazandan çıxan buxar bir neçə atmosfer vahidi təzyiq altında buxar maşınına daxil olurdu. Buxar maşını çap dəzgahını hərəkətə gətirir, o da camaatın gözü qabağında saatda 500 nüsxə sürətlə “Günəş” qəzeti çap edirdi. Sərgiyə gələnlər heyrət içində idilər!
Buna baxmayaraq, bu ixtiranın aqibəti heç də yaxşı olmur, halbuki əvvəlcə işlər yağ kimi gedir. Ogüst Muşonun istedadlı davamçısı tapılır. A.Pifr Muşonun qurğusundakı günəş şüalarının konsentrasiyasını artırmağa nail olur. İxtiraçılar günəş qızdırıcılarının istehsalı üzrə səhmdar cəmiyyəti yaradırlar. Bu qurğudan yemək hazırlanmasında, kətan yağının təmizlənməsində, sulfat turşusunun distillə edilməsində və s. müvəffəqiyyətlə istifadə olunur. Buxar qazanları istehsal edən, daş kömürlə işləyən iri firmalar və kömür şaxtalarının sahibləri günəş qurğularını ciddi rəqib hesab edirlər. Sonunda günəş enerjisi həvəskarlarının səhmdar cəmiyyəti öz fəaliyyətini dayandırmağa məcbur olur. Ogüst Muşo müflisləşir və yoxsulluq içində dünyasını dəyişir.
Sehrli çubuq
ABŞ-ın Kaliforniya ştatı ərazisindəki Mohave səhrası yaxınlığında, Pasadena deyilən yerdə yüz ildən bir qədər çox əvvəl çox bacarıqlı bir adam məskunlaşır. O, öz torpaqlarında dəvəquşu yetişdirmək qərarına gəlir. Amma dəvəquşu yetişdirmək üçün su lazım idi. Bəs suyu haradan almalı?
A.Eneas deyilən bu adam 1901-ci ildə dəvəquşu fermasında günəş qurğusu quraşdırır. Qurğunun çökük əksetdiricisi 1700 kiçik və yastı güzgülərdən ibarət idi. Bu güzgülər günəş şüalarını su tutumu 400 litr olan buxar qazanı üzərində cəmləyirdi. Artıq 15 dəqiqə sonra qazandakı su qaynamağa başlayırdı. Buxar təzyiqinin hərəkətə gətirdiyi nasoslar yerin altından saatda 6 tonadək su çıxarırdı. O dövrdə bu qurğu ən güclü və ən mükəmməl günəş qurğusu idi. Onun güzgülü əksetdiricisi bütün gün saat mexanizmi kimi günəşə doğru çevrilir, onun şüalarını düz qazana yönəldirdi.
Möcüzəli qurğu barədə xəbər sürətlə hər yana yayılır. Bir neçə ildən sonra Kaliforniyanın və elə onun qədər quraqlıq ərazi olan Arizona ştatının fermerlərinin çoxu Eneasın qurğusundan istifadə etməyə başlayırlar. Hətta ABŞ-da elektrik enerjisi hasilatı tənzimlənəndən sonra da ölkənin kənd və şəhərətrafı sakinlərinin çoxu evlərini qızdırmaq, su qaynatmaq və yemək bişirmək üçün güzgülü əksetdiricilərdən istifadə edirlər, çünki ucuz başa gəlir.
Ötən əsrin 30-cu illərində müxtəlif ölkələrdə bir çox firmalar portativ günəş qurğularının istehsalına başladılar. Açılmış vəziyyətdə çətir ölçüsündə olan bu əksetdiricilər sayəsində bir neçə dəqiqə ərzində su qaynatmaq, habelə yemək bişirmək olur. Bu cür “kürə”lərə isti və yağmursuz günlərin çox olduğu hər yerdə, xüsusən Hindistan, Yaponiya və Afrika ölkələrində böyük tələbat var.
Möcüzəli sobalar
Suyu qaynatmaq üçün onu 100 dərəcəyə qədər qızdırmaq lazımdır. Amma metalı əritməyə bəzən min dərəcə temperatur da kifayət etmir. Günəş enerjisi ilə işləyən metallurgiyaya keçmək çox maraqlı fikirdir. Yanacaq xərci yox, sexlərdə yanıq iyi yox, zavod boruları atmosferə zəhərli qazlar püskürmür, əldə olunan xəlitə isə kənar qatışığı olmayan xalis məhsuldur. Əlqərəz, metallurqların xəyal etdiyi ideal prosesdir! Bu xəyalı ilk dəfə Vitold Serasski gerçəkləşdirməyə çalışıb.
Onun poladəridənlərin işinə göstərdiyi marağa ancaq təəccüblənmək olar. Tanınmış astronom, Moskva Universitetinin astronomiya rəsədxanasının direktoru V.Serasski gözlənilmədən metaləritmə prosesi ilə maraqlanmağa başlayır. 1890-cı ildə onun layihəsi əsasında günəş enerjisi ilə işləyən orijinal qurğu yaradılır. Alim bu qurğuda təcrübə aparmağa başlayır. Sferik güzgünün formasını elə hesablayır ki, ondan əks olunan günəş şüaları fokusda təqribən 3500 dərəcə temperatur yaradır. Alim bu ocağa müxtəlif metallar yerləşdirir, onlar da isti tavada əriyən yağ kimi əriməyə başlayır.
Professor Serasskinin təcrübələri günəşlə güzgü tandeminin nəyə qadir olduğunu göstərir. Amma yalnız XX əsrin ortalarında yüksəksürətli təyyarələr, ilk kosmik aparatlar, habelə nüvə reaktorları yaradılanda bu təcrübələrə maraq artır. Belə ki, ixtiraçılara çox böyük yükə davam gətirən metal və xəlitələr lazım olur. 1953-cü ildə Pireney yarımadasının Fransaya məxsus ərazisində, Mon-Lui dağ zirvəsində günəş sobası işə salınır. Onun konstruksiyası metallurgiyada yeni istiqamətin nümayəndəsi olan F.Trombun rəhbərliyi ilə günəş enerjisi laboratoriyasında yaradılır.
Eksperimentlər bununla başa çatmır. 1968-ci ildə Fransanın Fon-Romyö-Odeyo rayonunda nəhəng qurğu işə salınır. Onun çoxsaylı panellərdən yığılmış sferik güzgüsünün diametri 54 metrə (20 mərtəbəli ev hündürlüyündə), günəş şüalarının fokusunda temperatur 3600 dərəcəyə çatır. Bütün isti təsirsiz qazla doldurulmuş əritmə kamerasında cəmləşir.
Təsirsiz qazın yaratdığı əritmə şəraiti yüksək keyfiyyətli metal almağa imkan verir. 20 il sonra SSRİ-də, Daşkənd ətrafındakı Parkənt qəsəbəsində buna bənzər nəhəng soba yaradılır. Bu sobanın əritmə temperaturu 3000 dərəcədən çox olur. ABŞ-ın San-Diyeqo (Kaliforniya ştatı) şəhərində inşa edilmiş helioqurğunun sferik güzgüsünün fokusunda isə temperatur 5000 dərəcəyə çatır.