Uşaqlara hansı kitabları oxumaq lazımdır?
Kitab mağazalarının piştaxtaları yerli və xarici müəlliflərin əsərləri ilə doludur. Bəs uşaqlar nə üçün klassik ədəbiyyatı az oxuyurlar. Firudun bəy Köçərli, Süleyman Sani Axundov, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Seyid Əzim Şirvani, Mirmehdi Seyidzadə, Aleksandr Puşkin, Aqniya Barto, Şarl Perro, Qrim qardaşları, Korney Çukovski və ya Samuil Marşakın uşaqlıq illərindən sevə-sevə oxuduğumuz əsərlərini... Yeni xarici müəlliflərin əsərlərinə sözüm yoxdur. Lakin təkcə onlarla məhdudlaşmaq da olmaz. Azərbaycan və rus yazıçı və şairlərinin əsərlərinə, klassik ədəbiyyata tez-tez müraciət etmək lazımdır. Mən öz uşağıma çoxlu kitab oxumağa çalışıram və bu işə vaxt ayıra bilməyəndə özümü qınayıram. Axı, bu, çox əhəmiyyətli bir məsələdir. Axşamlar ona xoşuna gələn kitabı seçib yumşaq divanda əyləşməyi təklif etmək, sevimli nağıl qəhrəmanlarının tanış söhbətlərini bir daha dilə gətirmək, nağılın hansı sonluqla başa çatdığını əla bilən uşağın məni necə diqqətlə dinlədiyini və onun şıltaq simasında kitaba qarşı böyük marağı görmək həqiqətən də xoşdur.
Mən oğluma nağıl oxumağa başlayanda bəzi məqamlarda anlaşılmaz və bədniyyətli sözlərə və ifadələrə təəccüblənməyə başlayırdım. Məsələn, “Şəngülüm, Şüngülüm və Məngülüm” və ya “Qırmızı Papaq” haqqında nağılda canavarın qarnını necə yarmaq olar? Nə olsun ki, söhbət acıqlı və acgöz canavardan gedir. Yaxud A.Şaiqin “Tülkü həccə gedir” nağılında tülkü nə üçün belə hiyləgər və zalımdır. Əlbəttə, uşaqların nağıllara özünəməxsus münasibəti vardır, lakin çox vaxt onların maraqlı və qəfil suallarına cavab verməyə hazır olmalısan.
Uşaqlara kitab oxumağı mümkün qədər tez başlayın. Axı, kitab oxumağa maraq onlarda lap körpə yaşlarında formalaşır. Lazımlı, vacib bildiyiniz kitabları seçib oxuyun. Uşaqların zövqü müxtəlifdir. Birinin çox xoşuna gələn bir kitab, başqasının diqqətini cəlb etməyə bilər. Çünki dünyada bir-birinə bənzəyən iki uşaq yoxdur. Valideynlər balalarına kitab oxumağı sevirlərsə, bu, onlara zövq verirsə, axtarıb gözəl illüstrasiyalı kitablar tapırlarsa (yaxınlqıdakı kitabxanada, yaxud mağazada), hər gün imkan tapıb oxuyurlarsa, uşaq mütləq kitab oxumağı sevəcəkdir.
Mən həmişə kitaba çəkilmiş illüstrasiyalara diqqət yetirirəm. Böyük və rəngarəng şəkillər uşaqların çox xoşuna gəlir. Lakin bu şəkillərin keyfiyyəti heç də həmişə yüksək səviyyədə olmur. Ona görə uşaq böyüdükcə, illüstrasiyaların keyfiyyətinə xüsusi diqqət yetirmək lazımdır.
Unutmayın ki, uşağınızda gözəllik hissi formalaşdırmalısınız. İndi “Yüz nağıl bir kitabda”, “Dünyanın ən yaxşı nağılları” seriyasından kitablar çap olunur. Bu kitablarda nağılların mətnləri elə ixtisar olunur ki, onları çətinliklə tanıyırsan. Çox vaxt kompyuterdə işlənmiş keyfiyyətsiz şəkillər verilir. Belə kitablardansa, bir müəllifin keyfiyyətli illüstrasiyalarla bəzədilmiş kitabını almaq daha məqsədəuyğundur. Kitabları uşağın yaşına uyğun seçmək lazımdır.
Uşaqlar audionağılları (tezliklə bizim portalda yerləşdiriləcəkdir) dinləməyi çox sevirlər. İki yaşlı uşaq öz işlərini görə-görə audionağıl dinləyir, eşitdiklərini təkrarlayır, çoxlu sözlər öyrənir. Uşaqlıqda qrammafon vallarını dinləməyim hələ də yadımdadır. Bu, mənim üçün qeyri-adi təcrübə idi. Audionağılları dinləyəndə sanki özün də gözlənilmədən nağıl qəhrəmanına çevrilirsən. Məsələn, “Qar kraliça”dan və onun ovsunundan gizlənməyə tələsirsən, yoxsa ürəyin buz parçasına dönə bilər.
Audiyazının istedadlı aktyorlar tərəfindən səsləndirilməsi lap əla olardı. Onun təsiri sizin oxumağınızdan daha güclüdür. Yorucu audiyazılardan isə imtina etmək lazımdır. Auidoyazılar gözləri korlamır. Yüksək tələblərə cavab verməsə belə, bir çox populyar, lakin xoşagəlməz və keyfiyyətsiz olan cizgi filmlərindən daha yaxşıdır.
Uşağınıza kitabları sevdirin, onun işkişafında iştirak edin. Onda nəticə təkcə sizi deyil, uşağın özünü, bəlkə də bütün ölkəni təəccübləndirə bilər.
Yuliya Belozyorova
29.07.2013