Təbiət

Zirehlilər və ya armadillər

Kəmdişlilərdən ən qeyri-adiləri, çox güman ki, zireh, ya da sümük lövhədən və zolaqdan ibarət zireh “geyinmiş” heyvanlardır. Bu gün rast gəlinən zirehlilərin ölçüsü böyük deyil. Onların bədəninin uzunluğu bir metrdən az, çəkiləri 55 kiloqramadəkdir. Lakin qazıntı halında tapılan, milyon illər əvvəl ölmüş qliptodontlar əsl nəhənglər olublar. Onların bədənlərinin uzunluğu 2,5 metr, çəkiləri bir heçə sentner olub.
 
Zirehlilərin çoxunun örtüyü bədəni uzununa və eninə bağlayan ayrı-ayrı qurşaqvari zolaqlardan ibarətdir. Bundan başqa, sümük və buynuzlaşmış lövhələr, “papaq” kimi başın yuxarısını və quyruğun ucunadək davam edir. Bədəndəki zolaqlar öz aralarında dartılan yumşaq dəri ilə birləşir. Bu isə heyvanlara təhlükə vaxtı qınına çəkilməyə, cod tüklərlə seyrək örtülmüş qarnını qorumağa imkan verir. Bəzən bədənin ön və arxa hissələrində zolaqlar qovuşurlar, orta hissədə bir neçə hərəkətli zolaq qalır ki, ona “altı qurşaqlı”,  “doqquz qurşaqlı” deyilir. Cod zirehlilərdə belə qurşaqların sayı 18-ə çatır.
 
Zirehlilər kəmdişlilərə aid edilsə də, onlarda dişlərin sayı kifayət qədərdir. Bəzilərində hər çənədə 20-dən çox diş olur. Sadəcə olaraq, bu dişlərin ölçüsü kiçikdir, mina təbəqəsini itirib, tam eyni formada mıx kimi çənə boyu bərabər məsafədə düzülüb. Zirehlilərin belə formalı dişlərə malik olması, digər məməlilərdə olduğu kimi (delfinləri xatırlayaq), onların əsasən xırda onurğasızlarla qidalanması ilə bağlıdır. Qida onlarda ağız deyil, ön hissəsi iti buynuz lövhələrlə örtülmüş mədədə “çeynənilir”.
 
Bütün zirehlilər quruda yaşayır. Onlar yöndəmsiz olsa da, kifayət qədər sürətlə qaçırlar. Ön pəncələrində uzun, möhkəm dırnaqları var ki, yuva oyanda, qarışqa yuvasını qazıb çıxaranda onları işə salırlar. Bu heyvanların yumşaq torpağa cəld quylanmaları adamı çox təəccübləndirir: bir neçə saniyəyə zirehli ön pəncəsi ilə fəal çalışaraq gözdən itə bilər. Şübhəsiz ki, zirehlilərin yol açmaq qabiliyyəti yereşənlərdəki kimi deyil. Lakin onların yuvalarının ölçüsünü təsəvvürə gətirəndə, yəqin ki, öz ərazilərində belə “zirehli yereşən maşınların” izlərini tapan fermerlərin hiddətini başa düşmək olar.
 
Zirehlilərin özünümüdafiə yolları olduqca çoxdur. Onlar kiçicik təhlükə duyduqda dərhal yumrulanır ki, bu “yumağı” açmaq mümkün olmur. Lakin bu, hamısı deyil. Bu heyvanlar uzun, güclü dırnaqlardan istifadə edərək torpağı şaquli qazır, 20-30 sm dərinlikdə “tank” heyvan tərpənmir, zirehini qabardır və “lövbər” salır.