Şimali Finlandiya həqiqətən də nağıllar aləmidir. Hətta siz Santa Klausun iqamətgahında olmağa, itlərin və ya maralların dartdığı qoşquda gəzməyə macal tapsanız belə, bu diyar sizi yenə də təəccübləndirməyə nəsə tapar. Məsələn, ovsunlayıcı şimal şəfəqi. Şimal şəfəqini müşahidə etmək üçün ən yaxşı yer Laplandiyadır. Orada ideal şərait var. Laplandiya böyük ərazini əhatə etsə də, əhalinin sıxlığı azdır. Orada orta hesabla ilin 200 günündə şimal şəfəqini görmək olar. Qütb şəfəqini müşahidə mövsümü avqust ayından aprelədək davam edir. Lakin “şimal şəfəqi ovuna” çıxmaq üçün ən yaxşı vaxt sentyabr-oktyabr və fevral-mart aylarıdır. Bu müşahidə üçün soyuq, aydın hava və buludsuz səma ideal sayılır. Günün ən yaxşı vaxtı isə saat 22:00-dan gecəyarıyadək hesab olunur.

Yaxşı, bəs səmada görünən bu xəyali şəfəq nədir? Finlər onu “revontulet” adlandırırlar ki, bu da “odlu tülkülər” deməkdir. Bu ad öz mənbəyini saamilərin mədəniyyətindən götürür. Bu xalqın qoşduğu əfsanəyə görə, Aurora Borealis qarla örtülmüş təpələrin üstü ilə qaçan və quyruğu ilə səmaya qar parıltısı salan tülküyə görə peyda olub. Şimalda yaşayan digər xalqlar şimal şəfəqinin ölənlərin qanından yarandığını düşünüblər. Başqa bir əfsanəyə görə, bu təzahür Tor (german-skandinaviya mifologiyasında tufan tanrısı) Vyainyamyöinenə ((Väinämöinen) qəzəblənəndə baş verir. Sonuncu fin xalqının “Kalevala” eposunun qəhrəmandır. Həqiqətən də Sibirdən Şotlandiyaya və Amerikanın böyük düzənliklərinə qədər şəfəqin göründüyü ərazilərin mədəniyyətləri onun izahı üçün əfsanələr yaradıb.

Elm bunun səbəbini bizə mifologiyadan heç də zəif izah etməyib. Şimal şəfəqinin səbəbi əsasən günəş parıltılarıdır. Bunu isə bizə gəlib çatan günəş qasırğası və küləkləri yaradır. İşartını yerin maqnit qütbünə daxil olub, hava molekulları ilə toqquşaraq elektromaqnit radiasiya yaradan yüklənmiş günəş küləyi formalaşdırır. Parıltının spektri infraqırmızı rəngdən ultrabənövşəyi rəngədək dəyişir. Görünən spektr toqquşan oksigen molekullarından yaranan ağ və yaşıl rəngdə olur. Çəhrayı rəng isə adətən azotdan yaranır.
Şimal şəfəqini evdən də müşahidə etmək olar. Laplandiyanın şimalında yerləşən Urxo Kekkonen milli parkında “Kakslauttanen” mehmanxanası yerləşir. Onun yanında isə 20 şüşə komadan, 60 qarlı və bir şüşə alaçıqdan ibarət “Igloo Village” yerləşir. Burada həmçinin qardan düzəlmiş restoran, buz kilsə və qalereya var. Komaların şüşələri qızdırıldığı üçün qar və buzla örtülmür. Şüşə komada yaşamaq, rahat otaq temperaturunda oturub şimal şəfəqini və ulduzları müşahidə etmək olar. Komanın hazırlandığı xüsusi şüşələr nəticəsində daxildə temperatur isti, şüşələr və tavan isə şəffaf qalır və qarla örtülmür. Qütb şəfəqi o mənzərələrdəndir ki, onu adam 100 faiz öz gözü ilə yaxından görməlidir. Heç bir film və foto bu mənzərəni insanın reallıqda müşahidə etdiyi zaman yaşadığı hissləri yarada biləcək səviyyədə çatdıra bilmir.
13.04.2015