Su çəmənzarı
Bitkilər təqribən 400 milyon il əvvəl sudan quruya çıxandan sonra Yer kürəsinin bütün guşələrinə yayılsa da, su onlar üçün doğma mühit olaraq qalmaqdadır. Bitkilər səltənətinin bir hissəsi “yaş” həyat tərzinə sadiq qalıb. Bəzi bitkilər bataqlıq, çay və ya dəniz kənarında bitir.
Su bitkilərinin çoxu vegetativ yolla (toxumsuz) çoxalır. Quru bitkiləri kimi bəzi su bitkiləri də çiçəkləyir və tozlanır. Özüdə bunu suyun altında edir! Onların tozcuğu yumru və ovalşəkilli deyil, tel formasındadır. Telin tərkibindəki liflər onu bitkinin çiçəklədiyi dərinlikdə saxlayır. Su bitkilərinin toxumları dibə çökür, cücərmək və kök salmaq üçün münasib şərait gözləyir.
Suzanbağının yarpaqları suyun səthində üzür, şanagüllənin yarpaqları isə dik vəziyyətdə olur. Şanagüllənin tünd çəhrayı rəngli çiçəyi dan yeri ağaranda açılır, qürub çağı isə solmağa başlayır. Şanagüllənin toxumları - fındıqcıqları dibə çökür. Bu toxumlar cücərmək üçün əlverişli vaxtı uzun müddət (təxminən 2000 il) gözləmək iqtidarındadır. Şanagüllə sehrli bitki sayılırdı. Bu bitki ilə məbədləri bəzəyir, onu ilahi varlıqların yanında təsvir edirdilər. Su fındığı, yaxud çilim adlanan digər bitkinin şanagüllə kimi gözəl çiçəkləri yoxdur. Əvəzində lövbərə bənzəyən buynuzlu fındıqları var. Ona görə də bu bitkini “şeytan” bitkisi adlandırıblar. Çilim planetimizin bitkilər səltənətinin qədim sakinidir. Çilim 60-70 milyon il əvvəl dinozavrların məhv olduğu, məməlilərin yenicə meydana gəldiyi dövrdə yaranıb. Çox dadlıdır. Lakin onu akvarium şəraitində yetişdirmək mümkün deyil. Bu bitkiyə yalnız yabanı təbiətdə rast gəlmək olar. 10.09.2014