Təbiət

Yarpaq daşıyan qarışqalar: Attalar

Qarışqa növləri arasında ən maraqlısı yarpaq kəsən qarışqalar kimi tanınan attalardır. Attaların əsas xüsusiyyəti qopardıqları yarpaq parçalarını başlarının üstündə tutaraq yuvalarına daşımalarıdır. Qarışqalar bir-birinə möhkəm birləşmiş çənələrində daşıdıqları öz ölçülərinə görə olduqca böyük yarpaq parçalarının altında gizlənirlər. Odur ki, işçi qarışqalar gün ərzində işlədikdən sonra yuvaya qayıdarkən maraqlı görüntü ortaya çıxır. Belə bir görüntü ilə qarşılaşan adam meşənin torpağının sanki canlanıb yeridiyini düşünər. Attaların bu yarpaqları niyə daşıdıqlarını araşdıran elm adamları qarışqaların onlardan göbələk yetişdirilməsində istifadə etdiklərini kəşf ediblər.


Qarışqalar yarpaqları yeyə bilməzlər, çünki bədənlərində bitkilərdəki sellülozanı həzm edən fermentlər yoxdur. İşçi qarışqalar bu yarpaq parçalarını çeynəyərək bir yığın şəklinə salır və yuvanın yeraltı otaqlarında saxlayır, yarpaqların üstündə göbələk yetişdirirlər. Bu yolla böyüyən göbələklərin tumurcuqlarından özləri üçün lazım olan zülalı əldə edirlər.


Burada attaları gözləyən təhlükə var. Göbələk yetişdirərkən zərərli göbələklər əmələ gələ bilər. Bəs əkin yerlərini ancaq göbələyi əkməzdən əvvəl təmizləyən attalar zərərli göbələklərdən necə qorunurlar? Bunun sirri yarpaqları çeynəyərkən istifadə etdikləri tüpürcəkdə gizlidir. Tüpürcəyin tərkibində zərərli göbələklərin əmələ gəlməsinin qarşısını alan antibiotiklə yanaşı, lazımi göbələyin yetişməsini sürətləndirən maddə var.


Attaların çox maraqlı müdafiə metodları var.


Yarpaq kəsən qarışqa koloniyasının ortaboylu işçiləri, demək olar ki, bütün günlərini yarpaq daşımaqla keçirirlər. Daşıma zamanı özlərini qorumaları çətinləşir, çünki özlərini qorumağa yarayan çənələrində yarpaq daşıyırlar. Bəs özlərini qoruya bilmədiklərinə görə onları kim qoruyur?


Yarpaq daşıyan işçi qarışqaların yanlarında daima daha kiçik boylu işçilərin yeridiyi müşahidə edilib. Əvvəl bunun təsadüf olduğu zənn edilib. Ancaq daha sonra bu hərəkətin səbəbi araşdırılmağa başlanıb. Uzun tədqiqatlardan sonra qarışqalar arasında mütəşəkkil iş olduğu məlum olub.


Yarpaq daşıyan ortaboylu qarışqalar düşmən milçək növünə qarşı maraqlı müdafiə metodundan istifadə edirlər. Düşmən milçək yumurtalarını qoymaq üçün fərqli yer seçib: hər qarışqanın başına yumurta qoyur. Qarışqanın bədənində zaman ərzində inkişaf edib yumurtadan çıxan bala milçək beyninə qədər hərəkət edərək ölümünə səbəb olur. İşçi qarışqaların yanında kiçikboylu köməkçiləri olmasa, hər an hücum etməyə hazır düşmən milçəyə qarşı müdafiəsiz qalarlar. Normal vaxtlarda üzərilərinə qonmaq istəyən milçəkləri qayçıya bənzər iti çənələri ilə dərhal uzaqlaşdırmağı bacaran işçi qarışqalar yarpaq daşıyarkən bunu edə bilmirlər. Ona görə də onların əvəzinə müdafiə edən başqa qarışqanı daşıdıqları yarpağın üstünə yerləşdirirlər. Düşmən milçək hücum edəndə bu kiçik qarışqalar yarpağın üstündən düşmənə qarşı mübarizə aparırlar.


Attalar kəsdikləri yarpaqları yuvalarına daşıyarkən yollarının üstündəki bütün budaq parçalarını, kiçik çınqılları, otları toplayır və əsas yolun yan tərəflərinə düzürlər. Beləcə, yarpaqları daha rahat daşıyırlar.