Döyüş heyvanları
Heyvanların gücü hər zaman insanları heyran edib. Qədim dövrlərdə padşahların və qəbilə başçılarının gücünü çox vaxt pələng, fil, öküz gücü ilə müqayisə edirdilər. Təəccüblü deyil ki, insanlar bu gücdən hərbi məqsədlərdə istifadə etməyə başladılar. Belə ki, fironları yürüş və döyüşlərdə adətən döyüş şiri müşayiət edirdi. Lakin ilk döyüş heyvanları atlar oldu. Onları öncə sürətli döyüş arabalarına qoşmağa başladılar.
İlk döyüş arabaları Mesopotamiyanın şərqində Şumer dövləti zamanında meydana çıxmışdı. Fironları bu döyüş arabası ilə bizim eradan 1700 il əvvəl Misiri fəth etmiş giksos xalqı tanış etmişdi. O vaxtdan sonra misirlilər də şir ovuna və döyüşə ayaq üstə dayandıqları ikitəkərli sürətli döyüş arabaları ilə gedirdilər. Romalılar isə döyüşlərdə atlı dəstələrdən istifadə edirdilər. Qədim Romada imperatorlar cıdır yarışlarına İkitəkərli döyüş arabalarında təntənəli surətdə gəlirdilər.
O dövrlərdə insanların hərbi məqsədlər üçün istifadə etdikləri ən qorxunc və qüvvətli müttəfiqi qədim dünyanın canlı tankı - fil idi. Filləri gənc yaşlarında tutur və əhilləşdirirdilər. Onların dişlərini metalla örtür, bellərində eyni anda on və ya daha artıq döyüşçünün yerləşə biləcəyi xüsusi kabinə quraşdırırdılar.
Bu döyüşçülər nəhəng heyvanın belindən düşməni sapand və ox atəşinə tutur, fil isə döyüş dəstələrini dağıdır, tapdalayıb keçir, dişləri və xortumu ilə əsgərləri pərən-pərən edir, yağını vahiməyə salırdılar.
Döyüş fillərindən adətən Afrika və Asiya ölkələrinin ordularında istifadə olunurdu. Səbəbi sadədir: fillər yalnız bu qitələrdə yaşayırlar. Hindistandan gətirilmiş fillər fars padşahı Daranın ordusu tərəfində Makedoniyalı İsgəndərin ordusuna qarşı döyüşürdü. Böyük fateh İsgəndərin qoşunu Baktriyaya çatanda orada da fillərin müşayiət etdiyi ordu ilə üz-üzə gəlmişdi. Karfagen sərkərdəsi Hannibal Romaya qarşı müharibə ərəfəsində Afrikadan Aralıq dənizi vasitəsi ilə qırx fil gətirmişdi.
02.09.2014