
Hər dəfə qlobusa və ya xəritəyə baxarkən ekvator elə əhəmiyyətli detal kimi görünür ki, onun xəyali xətt olduğuna inanmırsan. Biz bu xətti dəfələrlə keçsək də, bunu hiss etmirik. Dənizçilərin ekvatoru keçərkən qeyd etdikləri “xətti keçmək” mərasimi bununla izah olunur.
Latın termini olan “Ekvator” dilimizdə bərabərləşdirmək mənasını verir. Ekvator da elə bunu edir. O, yer kürəsini Şimal və Cənub yarımkürələrinə bölür. Bu xəyali xətt Şimal və Cənub qütblərindən eyni uzaqlıqda keçir. Yer səthindən keçən və ekvatora paralel olan digər xəyali xətlər paralellər adlanır.
Ekvator sıfırıncı xətdir, ondan yuxarıda və aşağıda olan xətlər – paralellər en dairəsini təşkil edir. Yer səthindəki hər hansı bir məntəqənin yerini bildirərkən en dairələrindən istifadə edirlər. Ekvator xətti boyunca Yer kürəsində ən isti – ekvatorial iqlimi olan ölkələr yerləşir.
Atlantik okeanında sıfırıncı meridianla kəsişən ekvator xətti daha sonra San-Tome və Prinsipinin, Ekvatorial Qvineyanın ərazi sularından, Afrika qitəsi boyu Qabonun, Konqonun, Uqandanın, Keniyanın və Somalinin ərazisindən keçir. Hind Okeanında Maldivlərin, İndoneziyanın ərazi sularını və bir neçə xırda adanı bölür. Sakit Okeandan keçən bu xətt Amerika qitəsində Ekvadorun, Kolumbiyanın və Braziliyanın ərazisini qət edir.
Günəş şüaları Yer səthinin yalnız 23,5 dərəcə en dairəsinə qədər şaquli düşür. Ekvatorial zonada günəş şüalarının yerə şaquli düşməsi bununla əlaqədardır. Artıq sizə məlumdur ki, bunun il boyu baş verməsi səbəbindən ekvatorda iqlim çox isti keçir.
13.06.2014