Bu maraqlıdır!

İncəsənət haqqında əsas anlayışlar

İncəsənətin müxtəlif növləri məlumdur: memarlıq, boyakarlıq, heykəltəraşlıq, musiqi, teatr, ədəbiyyat və s. Bunların arasında boyakarlıq, qrafika, heykəltəraşlıq və dekorativ-tətbiqi sənət təsviri sənətə aiddir.

Boyakarlıq əsərinin başlıca təsvir vasitələri rəsm və rənglərdir. Onu müxtəlif növlərə ayırmaq olar. Boyakarlığın ən qədim, ibtidai forması divar rəsmləridir.Onlar ibtidai dövrdə mağaralarda çəkilən heyvan və insan təsvirlərindən tutmuş ən müasir ictimai binaların monumental təsvirlərinə qədər olan rəsmləri əhatə edir.Qədim dövrlərdə dini tikililəri: məbədləri, məscidləri və kilsələri bəzəyən təsvirlər dini ideyaların təbliğinə yönəlirdi. Müasir dövrdə elm, mədəniyyət ocaqları, ictimai mərkəzlər onların ideyalarını bədii şəkildə təbliğ edən təsvirlərlə bəzənir. Divar rəsmlərinin çəkilməsi zamanı müxtəlif bədii-texnikimateriallardan və üsullardan istifadə olunur. Bunlardan biri suvağı qurumamış divarda sulu boyalarla işlənən freska (İtalyanca - “nəm”) texnikasıdır. Qədim Misir və Qədim İkiçayarası dövründə nəinki Asiya və Avropa, hətta Afrika və Qədim Amerikanın möhtəşəm memarlıq abidələri məhz freska texnikası ilə işlənmiş rəsmlərlə bəzənmişdir. Freska ilə yanaşı, mozaika adlanan başqa bir texnika da geniş yayılmışdı. O, qeyri-şəffaf xırda rəngli şüşə parçalarını divarın yaş suvağına düzməkdən ibarətdir.


Freskadan fərqli olaraq, mozaika yağışa, qara və başqa təbii maneələrə dözümlüdür.Qədim Roma villalarındaki hovuzların dibindən mozaika orta əsrlərdə saray və məbədlərin divarlarına köçür və o, yüksək sənət növləri arasında özünəməxsus yertutur. Məsələn, Bakıdakı Nizami metro stansiyasını “Xəmsə” dən müxtəlif səhnələrin təsvirlərini verən mozaika bəzəyir.


Boyakarlığın ən geniş yayılmış forması dəzgah boyakarlığıdır. Kətan və ağac üzərində yağlı boya ilə çəkilən belə əsərlər molbert adlanan xüsusi dəz- gahda yaradılır. Monumental boyakarlıq əsərlərindən fərqli olaraq, dəzgah rəssamlığı əsərləri sərbəstdir və istənilən yerdə asıla bilər. Rəssamlıq əsərlərimüxtəlif janrlara bölünür. Bunların arasında tematik tablo janrı mühüm yer tutur. Tarixi janrda işləyən rəssamlar ya yunan və Qədim Şərq rəvayətlərini, ya da qədim və müasir tarixi hadisələri əks etdirirlər. Rəssam bəzən qəhrəmanını ümumiləşdirilmiş bir obraz şəklində verir, bəzən də izdiham və böyük xalq kütlələri obrazı yaradır. Hərb səhnələrini təsvir edən tablolar da tarixi janra aiddir. Bəzən onlara batal, yəni müharibə janrı da deyirlər. Məişət janrı sənətkarın konkret müşahidələrinə əsaslanırdı. Belə əsərlərdə onlar qəhrəmanlarının gündəlik həyatı haqqında məlumat verirlər. XVII əsr Hollandiya rəssamlarından bir çoxu məişət janrında əsərlər yaratmışdılar. Görkəmli Azərbaycan rəssamı Əzim Əzimzadənin yaradıcılığında da məişət janrı mühüm yer tutur. Onun “Kosa-kosa”, “Kəndirbaz”, “Varlı evində toy”, "Kasıb evində toy” kimi əsərlərində Azərbaycan xalqının adət-ənənələri, məişəti dolğun əksini tapmışdır. Portret janrında çəkilmiş əsərlərdə konkret şəxslərin zahiri oxşayışı və fərdi cizgiləri məsələsinə daha çox diqqət yetirilir. Əsl istedadlı rəssam konkret adamın təsviri vasitəsilə müasirlərinin ən səciyyəvi xüsusiyyətlərini ümumiləşdirməyə çalışır.