Təbiət

Taclı meyvə - Nar

Narın haqqında hələ ilkin məlumatlar olduqca qədim dövrlərə təsadüf edir və öz başlanğıcını Qədim Yunan miflərindən götürür. 
Bu miflərə əsasən nar, unutqanlıq və ölüm, eyni zamanda, bərəkət, geniş ürəklilik və ölümsüzlük simvolu kimi şərh olunur. Bu şərhin əsasında Persefona haqqında mif dayanır. Mifə görə, məhsuldarlıq allahı olan Demetrinin qızı Persefona yeraltı qaranlıqlar krallığının allahı Aid tərəfindən oğurlanır. Ancaq qızından ayrı düşən ananın öz öhdəliklərini icra etmədiyini görən Zevs Aidə əmr edir ki, Persefonanı yer üzünə geri qaytarsın. Ayrılıq zamanı Aid Persefonaya yeməsi üçün bir neçə nar dənəsi verir. Dənələri yeyən Persefona ömürlük Aidin həyat yoldaşı olur və ondan sonra hər il bir neçə ayı Aidin yanında keçirmək məcburiyyətində qalır. Bu səbəbdən, nar həm də nigah simvolu kimi tanınır. Digər tərəfdən, qədim Yunanıstan sakinləri belə hesab edirdilər ki, nar məhsuldarlıq və üzümçülük allahı olan Dionisinin qanından yaranıb.


Uzun illər boyunca belə hesab olunurdu ki, nar ilk dəfə Çin ərazisində yetişib, lakin elm adamları tərəfindən aparılan tədqiqatlar nəticəsində bəlli olmuşdur ki, əslində, narın vətəni İran torpaqlarıdır. Çinə isə o daha sonra, bizim eradan əvvəl yüzüncü ildə aparılmışdır.


Nar sözü latın dilində olan "granatus" sözündən götürülüb və "dənəvər, dənli" şəklində tərcümə olunur. Öz xarici görünüşünə görə tacı xatırladan nar əsrlər boyunca meyvələrin tacı hesab olunmuşdur. Güman olunur ki, məhz elə narın taca bənzər görünüşü kral və kraliçaların baş geyimlərinin tərtibatı üçün əsas götürülmüşdür.
Nar, həmçinin müalicəvi keyfiyyətlərinə görə dərman hazırlayanlar tərəfindən bir sıra xroniki xəstəliklərin aradan qaldırılması üçün istifadə olunurdu. Nar meyvəsinin tərkibi şəkər və limon turşusu ilə yanaşı, vitaminlərlə, boyayıcı maddələrlə, makro və mikroelementlərlə də zəngindir. Nar mədə-bağırsaq, böyrək və qaraciyər, şəkər, hipertoniya, ürək, ağciyər, qurd xəstəliklərinin müalicəsində istifadə olunur. Cır nardan hazırlanan "narşərab" isə həzmetmə prosesinə kömək etməklə yanaşı, bir sıra xəstəliklərin müalicəsində də yaxşı nəticə verir.


Eramızdan 1500 il əvvəl Çin təbibləri nar qabığını qurd dərmanı kimi işlətmişlər. Azərbaycanda da nardan və onun meyvələrinin qabığından istifadə olunur. Narın növündən və sortundan asılı olaraq, meyvələri şirin və turş olur. Nara turş dad verən onun şirəsindəki limon turşusudur. Nar qabıqlarını və çiçəklərini çay kimi dəmləyib, boğaz ağrılarında, angina, diş ətinin iltihabı xəstəlikləri zamanı antiseptik qarqara dərmanı kimi istifadə edirlər.