İnsan hər zaman şirə ehtiramla yanaşmış, onu əzəmət, cəsarət və güc rəmzi kimi qəbul etmişdir. Şir niyə heyvanların şahı hesab edilir?
Sözsüz ki, ilk növbədə xarici görünüşü ilə. O, şahanə və əzəmətlidir. Tünd qızılı rəngli yalı şirə şahlara xas əzəməti verir. Onun nəriltisi də görünüşü qədər zəhmlidir. Sakit gecədə şirin nəriltisi hətta səkkiz kilometr belə eşidilir və canlıları lərzəyə salır.
Şir böyük fiziki qüvvəyə malikdir. Pəncəsinin bir zərbəsi ilə üç yüz kiloqram ağırlığındakı zebranı yerə yıxır. Ağır çəkisinə baxmayaraq çox cəld və çevikdir, sürətlə qaçır və tullanır.
Vaxtilə şirlər Afrikadan başqa yaxın və orta Şərqdə, həmçinin Hindistanda yayılmışdı. İndi isə şirlər yalnız Afrikada Saxara səhrasının cənubunda, olduqca az sayda isə (təxminən 300-ə yaxın) Hindistan meşələrində qalıb.
Şir savannalarda və çöllərdə yaşayır və əsasən dırnaqlı heyvanlarla qidalanır. Şirlər birləşərək camış və zürafə kimi iri heyvanları da ovlaya bilir.
Adətən ova dişi şirlər gedir, nadir hallarda onlara erkək şirlər də qoşulur. Dişi şir adətən iki bala doğur. Balalar iki il ərzində böyüyərək yetkin şirə çevrilirlər. Bu müddət ərzində isə onlar valideynlərindən ov etməyi öyrənirlər.
Adi şirlərdən başqa təbiətdə ağ şirlərə də təsadüf olunur. Hazırda Yer kürəsində 300-ə yaxın ağ şir qalıb. Bu şirlərin qorunub saxlanılması üçün xüsusi proqramlar həyata keçirilir. İddialara görə, şirlərə ağ rəng verən gen onlara buz dövründə yaşayan qədim əcdadlarından keçib. Çünki həmin dövrdə ağ rəng kamuflyaj üçün çox vacib idi.
13.12.2013