Abdulla Şaiq. "Tülkü və dəvə"
Dəvə otlaya-otlaya,
Kənddən bir az uzaqlaşdı.
Yetişdi bir daşqın çaya,
Sudan içib, çayı aşdı.
Dizin büküb çökdü yerə,
Ürəyində yoxdu qorxu.
Xumarlandı birdən-birə
Gözlərinə girdi yuxu.
Tülkü çıxdı yuvasından,
Görüncə yatmış dəvəni.
Ürəyində dedi: “Ay can!
Bəxtim ac qoymayır məni.
Zorba dəvə ayağıyla
Gəlmiş yuvanın ağzına.
Onu keçirməkçün ələ,
Quyruğumu quyruğuna
Kəndir kimi bağlayaram,
Çəkib yuvama dəvəni,
Ürəyini dağlayaram;
Bir ay doyurar o məni”.
Bunu deyib, tez yan aldı,
Dediyinə əməl etdi.
Qüvvətini işə saldı,
Quyruğunu ha tərpətdi,
Dəvə etmədi hərəkət,
Tərpənmədi heç yerindən.
Tülkü işlədirkən qüvvət
Zorba dəvə gördü birdən
Tərpədirlər quyruğunu;
Hövl ilə qalxdı ayağa;
Bu iş qorxutmuşdu onu,
Üz qoydu kəndə qaçmağa…
Tülkü havada sallanmış…
Qurtarmaqçün öz canını:
Gah buduna batırır diş,
Gah keçirir dırnağını.
Dəvə aldıqca hər yara,
Qaçır daha sürət ilə.
Tülkü ağa düşüb dara,
Hey vurnuxur qüvvət ilə.
Kəndə çatınca tülkünü
İtlər görüb, hov-hov saldı.
Dağıtdılar boz kürkünü,
Hərəsi bir dişlək çaldı.