Şeirlər

Şirinxanım Kərimbəyli. "Yuvasını itirmiş arı balasının hekayəti"

Bir gün arı balası verdi hamını yuxuya,
Qaçdı ki, özünü təkcə gül-çiçəyə toxuya.
Bağların, bağçaların arasıyla uçuşdu,
Sarı kəpənək təki ora-bura qaçışdı.


Yuvaya dönmək üçün gəldi məqam yetişdi,
Arının ürəyinə yaman vəlvələ düşdü,
İtirmişdi arılar yaşadığı o mülkü,
Düşdü canına birdən yamanca qorxu-hürkü.


İnildəyib havada anasını səslədi,
Tapmaqçün pətəkləri yenə ümid bəslədi.
Çırpdı arı balası min yol özün sol, sağa,
Sığındı üşüyərək gülləri açmış bağa.


Nəfəsini dərərək yapışdı çiçəklərə,
Solmuş qanadlarıyla toxundu ləçəklərə.
Şeh düşmüşdü hər yana, sanki yağış yağırdı,
Vücudunu bükərək anasını çağırdı.

 

Ana arı harayı eşidib uçub gəldi,
Balanın ürəyindən ağrı-acını dəldi.
Atdığı səhv addıma bala arı peşman,
Utandı anasının gözünə baxan zaman.


Dedi: - Bir də, ay ana, çıxmaram heç sözündən,
İcazə ver, qoy öpüm bir doyunca üzündən.
Ana gülüb balasın sıxdı qanadı alta,
Bala arı göz açdı lap təzədən həyata.