Cik cik xanım
Biri vardı, biri yox idi, Cik-cik xanım adında bir cığal sərçə vardı. Bir gün bu Cik-cik xanım qaratikan çəpərinin üstə qonub tikandan-tikana atılırdı. Qarı nənə də həyətdə təndir qalamışdı. Birdən Cik-cik xanımın ayağına bir tikan batdı, başladı ağlamağa. Qarı tikanı sərçənin ayağından çıxarıb atdı təndirə.
Cik-cik xanım bir o yana, bir bu yana uçub dedi:
- Qarı nənə, mənim tikanımı qaytar özümə.
- Hardan alım? Atdım təndirə, yandı.
- Mənə nə borc, tikanımı verirsən ver, vermirsən çörəyini götürüb qaçacam.
Qarı qaldı mat-məəttəl. Cik-cik xanım o yana uçdu, bu yana uçdu, qarının bir çörəyini götürüb qaçdı.
Göylə uçurdu, gördü bir çoban qoyun sağır. Qondu yerə, çobana yaxınlaşıb dedi:
- Bərəkətli olsun, çoban qardaş!
Sənə isti çörək gətirmişəm, doğra südə ye.
Çoban sevincək çörəyi alıb doğradı çanağına.
Elə ki çoban çörəyi yeyib qurtardı, Cik-cik xanım ona dedi:
- Çoban qardaş, daha mən getməliyəm. Çörəyimi qaytar.
- Çörəyi hardan alım, yedim çıxdı getdi.
- Nə borcuma qalıb, çörəyimi ver, yoxsa yerinə qoyununu aparacam.
Cik-cik xanım bir o yana uçdu, bir bu yana uçdu, çobanın bir kök qoyununu caynağına vurub apardı. Çoban ağlaya-ağlaya onun dalınca düşdü, çata bilmədi.
Cik-cik xanım caynağında qoyun özünü yetirdi padşahın sarayına, gördü toydu. Qoyunu qulluqçulara verdi.
Qulluqçular qoyunu kəsib yaxşı bozbaş bişirdilər, gətirib qonaqlara payladılar. Molla ilə Cik-cik xanıma yeməyi bir qabda verdilər. Molla tez-tez yeyib Cik-cik xanımı ac qoydu. Cik-cik xanım acığa düşüb padşaha dedi:
- Mənim qoyunumu yediniz. Mən də əvəzində gəlini götürüb qaçacam.
Cik-cik xanım gözlədi, gözlədi, gəlin içəri girəndə şığıyıb gəlini atın üstündən alıb qaçdı. Atlı-piyada dalınca tökülüşdülər, çata bilmədilər.
Padşah başına –gözünə döyüb, ağlaya-ağlaya qaldı.
Cik-cik xanım gəlini götürüb uçdu, uçdu, bir ağaclıqdan saz səsi eşidib yerə endi. Gördü bir aşıq ağac kölgəsində oturub saz çalır. Dedi:
- Salam, aşıq qardaş! Gəl mən gəlinimi sənə verim, sən də sazını ver mənə.
Aşıq sazı verdi, gəlini götürüb getdi.
Cik-cik xanım da sazı alıb oturdu ağacın kölgəsində, başladı yavaş-yavaş dınqıldatmağa:
- Tikan verdim, çörək aldım,
Sazım dınqır, dınqır, dınqır.
Çörək verdim, qoyun aldım,
Sazım dınqır, dınqır, dınqır.
Qoyun verdim, gəlin aldım,
Sazım dınqır, dınqır, dınqır.
Gəlini verdim, saz aldım,
Sazım dınqır, dınqır, dınqır.