İmperator Napoleon Bonapart
Görkəmli sərkərdə, Fransa imperatoru Napoleon Bonapart (1769-1821) Korsikada dünyaya gəlib. Ailədə on üç uşaqdan sayca ikincisi olub, onlardan beşi erkən dünyasını dəyişib. Parisdə hərbi məktəbdə oxuyan Napoleon heç kəslə dostluq etməyib, bütün diqqətini dəqiq elmləri, hərb elmini öyrənməyə verib. Atasının ölümündən sonra 16 yaşlı gənc maddi çətinlik səbəbindən orduda xidmətə başlayıb, boş vaxtlarını isə mütaliə ilə keçirib. Deyilənə görə, bir dəqiqədə böyük sürətlə iki minədək sözü oxuya bilirmiş. Öz üzərində çalışan bu gənc gecələr iki-üç saat yatmaqla kifayətlənib və belə rejimdən özünü əsla narahat hiss etməyib.
Hərbi karyerasında sürətlə irəliləyən 24 yaşlı Napoleon Bonapart məşhur Tulon döyüşündən sonra briqada generalı rütbəsini alıb. 1796-cı ildə İtaliyada fransız ordusunun komandanı olub. Lakin 1798-ci ildə Napaleonun donanması Nil döyüşündə ingilislər tərəfindən məğlubiyyətə uğradılıb. 1799-cu ildə hərbi çevriliş edən Napaleon Fransanın birinci konsulu olub. 1804-cü ildə təntənəli şəkildə Fransanın imperatoru elan edilib. Onun sayəsində fransız ordusu Avstriyada, İtaliyada, Fransanın müstəmləkələrində, Alp dağlarında qələbələr qazanıb. Apardığı irili-xırdalı 60-dan çox döyüşün əksəriyyətindən qalib çıxıb. İti ağlı sayəsində ani qərarlar qəbul etmək bacarığı olan komandan bir dəfə postda yatmış əsgəri tribunala vermək əvəzinə, silahı götürərək onu əvəz edib. Hadisə ordu arasında sürətlə yayılıb və əsgərlər bundan sonra Napoleonla birlikdə döyüşə böyük həvəslə gediblər.
1805-ci ildə Austerlits döyüşü Napaleon ordusunun həlledici döyüşlərindən olub. Tarixə “Üç imperatorun döyüşü” kimi daxil olan bu döyüşdə Napaleona qarşı Avstriya imperatoru II Fransın və Rusiya İmperatoru I Aleksandrın orduları birgə döyüşüb. Sarsıdıcı məğlubiyyətə uğramış Rusiya-Avstriya ittifaqı geri çəkilməyə məcbur olub.
1807-ci ildə Rusiya imperatoru I Aleksandr Napaleonla Tilzit sülhü müqaviləsini bağlayıb. Müqavilənin şərtlərinə əsasən Rusiya Böyük Britaniyaya qarşı blokadaya qoşulmalı idi. Zaman keçdikcə Napaleon blokadanı sərtləşdirməyi tələb edirdi ki, bu Rusiya imperatorunun xoşuna gəlmədi. Nəticədə Rusiya kontinental blokadaya əməl etmədi və fransız mallarından rüsum tətbiq etdi. Öz növbəsində Fransa da Tilzit sülhünün şərtlərini pozaraq Prussiya ərazisinə ordu yeritdi. Beləliklə Fransa ilə Rusiya arasında müharibə başlandı. Bu kampaniya 1813-cü ildə Bonapart ordusunun tam darmadağın edilməsi ilə nəticələndi.
1812-ci ildə Rusiya, 1813-1814-cü illərdə Almaniya və Fransadakı hərbi əməliyyatlarda məğlubiyyətə uğramış Napaleon Bonapart fransız taxt-tacından əl çəkməli oldu və 1814-cü ildə Elba adasına göndərildi.
1815-ci ildə baş vermiş Vaterloo döyüşü isə Napaleon qoşunları dövrünün son iri döyüşüdür. Bu döyüş Napaleonun Avropada ağalığına son qoyub. Döyüşün gedişində İngiltərə-Niderland-Belçika ittifaqı və Prussiya ordusu fransızların ordusunu darmadağın ediblər.
Dəfələrlə ölümlə üzləşən - güllə qabağına atılanda da, Misirdə taun xəstəxanasında olanda da Napoleon Bonapart hər dəfə də sağ qalıb. Ona qarşı sui-qəsdlər, hətta özünü belə zəhərləmək cəhdi baş tutmayıb. Vaterloo döyüşünün uğursuzluğundan sonra Napoleon cibində gəzdirdiyi zəhəri içsə də, iki ildən artıq qalan maddə təsirini itirdiyindən ölməyib.
Maraqlıdır ki, Rusiya üzərinə yürüş fikrindən çəkindirənlərə “üç ildən sonra bütün dünyanın ağası olacağam” deyən Napoleona üç ildən sonra Elba, sonra isə Müqəddəs Yelena adası qismət olub.
Napoleon Bonapart sürgündə olarkən nə birinci arvadı Jozefina, nə də ikinci arvadı - Avstriya imperatorunun qızı Mariya-Luiza onu görməyə gəlib. İkinci arvadından oğlu olan imperator qəlbən Jozefinanı sevib, ömrünün son günlərində onun adını tez-tez çəkib.
İmperatorun ölümü ilə bağlı onun zəhərləndiyi, yaxud da adadan qaçaraq uzun müddət başqa ad altında yaşadığına dair şayiələr olub. Həkimlərin diaqnozuna görə isə, Napoleon mədə xərçəngindən vəfat edib.
26.07.2013