Nağıllar, hekayələr

Zahid Xəlil. Üçbucaq ölkənin adamları

Siz nə deyirsiniz deyin, mən ömrümdə belə ölkə görməmişəm. Həmin ölkə haqqında mənə səyahətçi Biləndər danışıb. Bu ölkənin evləri üçbucaq şəklindədi. Hamısı da bir boyda. Pəncərələri üçbucaq, evlərin damları üçbucaq. Bu ölkənin adamları ayaqlarını enli qoyub dayananda üçbucağa oxşayırlar.

 

Belə bir qəribə ölkənin adamları ilə söhbət etməyinə dəyər.

 

— Bağışlayın, bu necə ölkədir belə? — deyə Biləndər üçbucaq adamlarının birindən soruşdu.

 

— Bura belə ölkədir, sizi necə başa salım? Bax, iki dənə üçbucağı elə birləşdirə bilərsiniz ki, dördbucaqlı alınar. Biz fikirləşmişik ki, bir dördbucaqlıdan iki üçbucaqlı almaq mümkündürsə, onda niyə üçbucaqlı evlərdə yaşamayaq ki…

 

Orasını da bil ki, bu ölkədə evlərin qapıları həmişə taybatay açıq olur.

 

Bu, Biləndəri təəccübləndirdi.

 

Fikirləşdi ki, yaxşı, tutaq bu ölkədə oğru yoxdur. Amma hər halda polis olmalıdır, ya yox. Bəlkə kiminsə kefi istədi, vurub birinin evini dağıtdı. Onda necə olsun?

 

Buna görə də soruşdu:

 

— Axı heç gözümə polis-zad da dəymir.

 

— Polis? Polis nədir? Dayan-dayan…

 

O, cibindən balaca bir radioqəbulediciyə oxşayan aparat çıxartdı. Aparatdan səs gəldi:

 

— Dünyanın bir sıra ölkələrində ona polis, bəzilərində pölis və s. deyirlər. Qaydaları pozanları tutub ağıllandırır.

 

— Gördün? Hətta sənin radionda da dedilər.

 

— Elədir. Amma bizdə nə polis, nə də başqa bir qayda yaradan ehtiyac yoxdur. Çünki heç kəs qaydanı pozmur.

 

— Sən də söz danışdın da. Bax, bu saat mən qaydanı pozsam onda nə olar?

 

— Bir qaydanı poz görək!

 

Biləndər ayağa durub üstündə əyləşdikləri skamyanı tərsinə çevirdi.

 

— Buyur, bu da sənə qaydanı pozmaq. İndi məni kim cəzalandıracaq.

 

Üçbucaq kişisini gülmək tutdu. Haçandan-haçana özünə gəlib dedi:

 

— İndi o aşırdığın skamyanın üstündə otur görüm.

 

— Necə oturum? Onda gərək düzəldəm.

 

— Bu sənin öz işindir.

 

Üçbucaq adam cibindən balaca bir dəsmal çıxardı. Necə etdisə dəsmal şişib stol şəklinə düşdü. Stolun üstündə rahat oturandan sonra dedi:

 

— Bu mən. İndi sən otur görüm harada oturacaqsan?

 

— Eh, ona nə var. Gedib başqa skamyada oturaram.

 

— Bu mümkün deyil.

 

— Niyə?

 

— Çünki sən hansı skamyaya yaxınlaşsan, o saat tərsinə çevriləcək. Axı, sən belə sevirsən.

 

— Bura baxın, yəni doğrudan belədir?

 

Biləndər sualına cavab almamış yaxındakı skamyaların yanına qaçdı. Hansına yaxınlaşdısa tərsinə çevrildi.

 

— Axı bu necə olur?

 

— Çox asan, hər bir insanın bədənində azacıq cərəyan var. Biz düzəltdiyimiz bir əşyanın içinə balaca bir tənzimləyici qoyuruq. O lap balaca olur. Gözlə görmək mümkün deyil. Tənzimləyici insanın bədənindəki cərəyana qoşulan kimi başlayır işləməyə. Bizim ölkədə hamı bilir ki, əgər bir dəfə skamyanı tərsinə çevirsə, daha heç bir skamyada ona yer olmayacaq.

 

— Belə-belə işlər, — deyə Biləndər dərin fikrə getdi, — yaxşı, bəlkə düşmənlər gəlib sizin şəhərinizi dağıtmaq fikrinə düşdü — onda necə?

 

Üçbucaq adam cibindən bayaqkı aparatını çıxarıb düyməsini basdı. Aydınca səs eşidildi.

 

— Düşmənlər cürbəcür olur. Məsələn, xarici düşmənlər öz dövlətlərini artırmaq üçün başqa ölkələrə hücum edib oranı talayırlar.

 

— Gördün! — Biləndər sevincək dilləndi. — Sənin bu radion yaman biliklidir ha.

 

— Bu radio deyil. Ensiklopedik maşındır. Bir şey lazım olanda düyməsini basıb soruşmaq kifayətdir. O saat hər şeyi izah edir.

 

— Yaxşı maşındır. Mənim bir belə maşınım olsa dərsə-zada hazırlaşmaram.

 

— Bu mümkün deyil!

 

— Niyə?

 

— Çünki bu maşın ancaq savadlı adamların sözünə qulaq asır. Əgər sən pis oxusan, o heç sənə cavab da verməz.

 

— Qardaş, səninki lap ağ oldu. Axı bu maşın hardan biləcək ki, onun düyməsini basan adam savadlıdır, ya da lap elə qanmazın biridir.

 

— Hər bir adamın barmaqlarında hiss üzvləri var. Bu maşının düyməsinə barmağı toxunan adamın bütün qabiliyyəti haqqında o saat maşında ətraflı məlumat yaranır. Bundan sonra onun lampaları işləməyə başlayır. Bunlar hamısı bir anda olur. Görürsənmi, mən soruşduğum sözü dilimlə demirəm. Buna nə ehtiyac var. Maşın onu mənim sinir üzvlərimdən oxuyur.

 

— Çox maraqlıdır. Yaxşı, bəs düşmənlər nə olsun? Düzü siz yaxşı adamlarsınız. Ağıllı, mehriban. Birdən düşmən gəlib buraları alt-üst edər.

 

— Bu mümkün deyil.

 

— Niyə?

 

— Çünki, çünki. Bir bəri bax görüm.

 

Biləndər çevrilib baxdı. Üçbucaq adam yox idi.

 

— Qardaş, sən hardasan?

 

— Mən ki sənin qarşındayam. Məgər məni görmürsən?

 

— Yox. Özünü göstər görüm hardasan.

 

Birdən üçbucaq adam yenə əvvəlki yerində göründü. Ayağını ayağının üstünə aşırıb oturmuşdu bayaqkı stolunun üstündə.

 

— Bu necə olan şeydir. Qardaş, sizin bu ölkə lap möcüzədir ki.

 

— Burda elə bir möcüzə yoxdur. Paltarımdakı balaca düyməni basdım, ətrafımda mikroiqlim yarandı. Daha doğrusu mən bütövlükdə hava rənginə çevrildim. Ona görə də məni görə bilmədin. Səncə düşmən dediyin o adamlar bizə bir şey edə bilər? Əlbəttə, yox. Heç bu barədə danışmağına dəyməz. Bəli, bir dəfə belə bir əhvalat olmuşdu. Biləndər doğrudan da belə bir ölkəyə getmişdi.