Bir gün Xallı yaman acmışdı. Neçə gün idi ki, heç nə yemirdi. Fikirləşirdi ki, gedib kimdən yemək istəsin.
Əvvəlcə balinanın yanına getdi. Nəhəng balina yemək axtarmaqla məşğul idi.
Mənə bir az yemək verərsən? - kədərlə dedi.
- Xallı, sənə yemək verə bilərəm. Ancaq balalarım acdır. Əvvəlcə onların qarnını doyurmalıyam. Üstəlik, artıq böyümüsən, öz yeməyini özün tapmalısan. Ondan bundan yemək dilənsən get-gedə adət edərsən. Özünə yemək axtarsan, yaxşı olar.
Xallı əlacsız qalıb dedi:
-Ancaq sənin kimi qüvvətli deyiləm. Olsaydım, ac qalmazdım. Bu boyda okeanın içində çox kiçiyəm.
Üstəlik, necə yemək tapacağımı da bilmirəm.
Delfinin yanına get, o səni əliboş qaytarmaz.
Xallı balıq üzə-üzə delfinin yanına getdi. O, hərdənbir suyun üzü ilə şütüyərək mahnı oxuyurdu.
Xallı onun kefinin kök olduğunu görüb bir az ürəkləndi.
Delfin qardaş, mənə bir az yemək verərsən? Səhərdən ağzıma bir tikə də qoymamışam.
Delfin Xallıya baxaraq dedi:
-Dostum, işləməlisən. İşləməlisən. Boş dayanmamalısan. Bikar gəzənləri heç kim xoşlamaz. Tutaq ki, bu gün sənə yemək verdim. Sabah da qarnını doyurdum. Axı mən ömür boyu səni saxlaya bilmərəm?! Sən tezliklə yemək tapmağı öyrənməlisən.
Delfin bunları deyib suyun üzünə tullandı. Xallı kədərli halda yuvasına qayıtdı. Bəs indi kimdən yemək istəsin? Ağlına köpəkbalığı gəldi. “Qəzəbli olsa da, xeyirxahdır" deyib onun yanına gəldi. Köpəkbalığı qaranlıq bir yerdə ov gözləyirdi. Deyəsən, qoxusunu almışdı. Xallı əvvəlcə çəkinsə də, cəsarətini toplayıb:
-Ey dənizlər şahı! - deyə səsləndi. Səndən yemək almağa gəlmişəm. Ov eləməyi bacarmıram. Ona görə ac qalmışam. Ya mənə ov eləməyi öyrət, ya da bir az yemək ver.
Köpəkbalığı Xallıya baxdı. Dişlərini bir-birinə vurub dedi:
Səhərdən acsan? Heç nə yeməmisən?
Hə, - Xallı dedi. Sonra da gözlərindən bir damla yaş süzülüb okeanın duzlu sularına qarışdı.
Köpəkbalığı ona hirsləndi:
-Ağlamaqdan başqa bir iş görməsən, hələ çox ac qalarsan. Başqalarından yemək istəmək də yaxşı şey deyil. Zəhmət çəkib yemək tapmalısan. Yoxsa dilənçilik etsən, həm rəzil-rüsvay olarsan, həm də ac qalarsan. Sənə bir az yemək verim, ye. Bu dəfə yeyib doysan da, çalış özün yemək tapasan. Bircə yolun var.
O da yemək tapmağı öyrənməkdir.
Xallı balıq onun verdiyi yeməyi yeyib soruşdu:
- Yaxşı, mən necə yemək tapacam? Okeanın içində heç nə tapa bilmədim.
Köpəkbalığı təbəssümlə dedi:
Okeanın içində tapmadınsa, demək, çölündə axtarmalısan. Bəlkə, sənin yeməyin burda deyil?
Xallı köpəkbalığının dediklərini düşündü. Düz deyirdi. Suyun içindən yox, çölündən yemək tapa bilərdi. Bunu hiss edirdi. Suyun üzünə yaxınlaşıb özünü yoxlamaq qərarına gəldi. Sahilə üzüb kiçik qayalara yan aldı. Qayanın üstündə yumru bir şey sallanırdı. Ağzına su alıb ona doğru atdı. Yumru şey suya düşdü, o da mədəsinə ötürdü. Çox dadlı idi.
İlk dəfə idi, özü yemək tapırdı. Artıq öyrənmişdi.
Suyu ağzına doldur, ova tərəf at. Çox sadəymiş. Niyə indiyəcən ağlına gəlməmişdi ki?!