Ələkbər Hüseynov
Bir çox televiziya tamaşalarında uğurlu, özünəməxsus obrazlar yaradan, eyni zamanda, Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində bir-birindən maraqlı obraz və tamaşalar qalereyası ərsəyə gətirən Əməkdar artist Ələkbər Hüseynov yaradıcılığı ilə ürəklərə yol taparaq, böyük tamaşaçı sevgisi qazanıb.
Ələkbər Adıgözəl oğlu Hüseynov 1961-ci ildə Bakıda əslən Gəncədən olan, Bakı Dəmir yolunda maşinist işləyən Adıgözəl kişinin və Yaqut xanımın ailəsində evin yeganə övladı kimi dünyaya göz açıb.
Ələkbər təbiətcə sakit uşaq olub. Səkkizinci sinfə qədər o biri uşaqlardan heç nə ilə fərqlənməsə də öz otağına çəkilər, özünə müxtəlif məşğuliyyətlər tapar, təyyarə, maşın, qatar düzəldərdi. "Texnika-molodyoji" jurnalını alar, ordan maraqlı konstruksiyalar seçib qurar, redaksiya ilə əlaqə saxlayar, gənc texniklər üçün keçirilən tədbirlərdə iştirak edərdi. 13-14 yaşlarından isə texnikadan daha çox musiqiyə, rəqsə meyl göstərməyə başlayır. Valideynlərinin ona verdiyi pulu yığıb günlərin birində özünə nağara, qarmon, mikrofon alır. Dərnəklərə yazılır. Ona baş rollar verirlər. Mark Tvenin əsəri əsasında hazırlanan "Şahzadə və dilənçi" tamaşasında iştirak edir.
Onuncu sinfi qurtaran kimi sənədlərini İncəsənət İnstitutunun aktyorluq fakültəsinə verir və daxil olur. O, 1978 ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" fakültəsinə qəbul olunur. İnstitutda ixtisasdan ona Nəsir Sadıqzadə dərs deyirdi.
Zaman keçdi. 1982-ci ildə Ələkbər Hüseynov Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsini bitirdi. Həmin ildən Ələkbərin həyatında yeni səhifələr açıldı. Səhnə adlanan sehrli bir dünya. Təyinatla Şəki Dövlət Dram Teatrına yollandı. Bu teatrda müxtəlif səpkili rollar oynadı. O, özünün hər bir rolu ilə tamaşaçıların qəlbinə nüfuz edir, onları həm güldürür, həm də düşündürürdü. Elə buna görə də yaradıcılığının ilk illərindən başlayaraq klassik dramaturgiyamızın bir sıra gözəl nümunələrində bənzərsiz obrazlar silsiləsi yaratdı. Uğurlar, nailiyyətlər bir-birini əvəz elədi. Aktyor sənəti üçün əsas meyar güclü hiss və daxili cazibədir. Bundan başqa, Ələkbərdə olan açıq tələffüz, gözəl səs, xarici görünüş və daxili zənginlik də onun peşəkar aktyor olacağına zəmanət verirdi. Onunla bərabər sənətə gəlmiş yaşıdlarından fərqli cəhəti daxili inamı və səmimiyyəti idi. Dərin və mənalı gözlərində qəribə bir əfsun vardı. Şən, həyatsevər, bahar suları tək qaynayıb-coşan, eyni zamanda kövrək bir insan idi.
O, öz sənəti, aktyor manerası ilə seçilirdi. Yaradıcılığa olan sonsuz marağı, teatra ürəkdən bağlılığı, işinə ciddi yanaşması rejissorların diqqətini cəlb etdi. Az vaxtda bütün teatr kollektivi Ələkbər Hüseynov sənətinin vurğunu oldu. Əksər aktyorlar kimi Ələkbər də çox səmimi, uşaqla uşaq, böyüklə böyük, təvazökar bir insandı. O, adətən özü haqqında az danışar, lakin incəsənətdən, teatrdan, xüsusilə kukla teatrından söhbət düşəndə deyərdi: «Mən çalışdığım teatrı çox sevirəm. Bu, bəlkə də ona görədir ki, uşaqlarımızın taleyi, tərbiyəsi, gələcəyi məni daha çox düşündürür».
1988-ci ildə Ələkbər Hüseynov A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında aktyorluğa başlayır. Bu teatrın səhnəsində ilk rolu Ə.Haqverdiyevin «Pəri Cadu» pyesinin tamaşasında Qurban obrazı olur. Daha sonra ona və rejissora böyük uğur gətirən H.X.Andersenin «Bülbül» nağılında Nağılçı və Çin imperatoru rollarını oynayır. «Bülbül»dən sonra Ələkbər Hüseynov N.Bədəlovun «Qara rəngin nağılı» tamaşasında Aydın, R.Əlizadənin «Tıq-Tıq xanım»ında Dirijor, Qoca və Müğənni, A.Ostrovskinin «Qar qız» tamaşasında Lel rollarını oynayır. O, teatrda təkcə aktyor, kukla sənətçisi yox, həm də bir çox nağıl tamaşalarınun quruluşçu rejissoru kimi tanınır, sevilirdi. Səhnələşdirdiyi «Səadət quşu», «Möcüzəli tamaşa» və «Cik-cik xanım» pyeslərini Azərbaycan Dövlət Kukla Teatrının rus bölməsində özü də tamaşaya hazırlamışdı. «Keçəlin toyu» tamaşasındakı Keçəl rolu ilə İstanbulda, «Bülbül» tamaşası ilə İranda və Türkmənistanda keçirilən beynəlxalq festivallardan mükafatla qayıtmışdı. Dəfələrlə özünün mono tamaşalarıyla dünyanın bir çox ölkələrində - Turkiyədə, İranda, Fransada, Belçikada, Hollandiyada, Almaniyada keçirilən Beynəlxalq Kukla Teatrları festivallarının laureatı olmuşdu.
1993-cü il idi. Televiziyanın «Uşaq Verilişləri» redaksiyasının əməkdaşları uşaqlar üçün əyləncəli-musiqili bir veriliş ərsəyə gətirdilər. Adını da «Hər birimiz bir çiçək» qoydular. Ələkbərə verilişin aparıcılığı həvalə edildi. Az vaxtda bu veriliş balacaların sevimli Ələkbər əmiylə görüş yerinə çevrildi. Uşaqların sevinci yerə-göyə sığmırdı. Televiziyada Ələkbərin ilk qədəmləri sayalı oldu. El-el, oba-oba gəzdi. Sehrli nağıl tamaşaları, məzəli oyunları, əhvalatları, bir-birindən gözəl mahnı sovqatları ilə körpə fidanların qonağı oldu. Həmin vaxtdan Ələkbər Hüseynov nəinki respublikamızda, dünyanın bir çox ölkələrində «Ələkbər əmi» kimi tanındı, məşhurlaşdı. Hamı onu bu adla çağırırdı. Şirin-şəkər balaların qəlbinə yol tapan Ələkbər Hüseynov bu barədə həmişə belə deyərdi: «Küçədə gedəndə uşaqlar məni «Ələkbər əmi, Ələkbər əmi» - deyə səsləyəndə, mən bu sözlərdən fərəhlənir, qürur hissi duyuram».
Ə.Hüseynov «Sərçənin aqibəti» tamaşasına görə 1993-cü ildə «Humay» mükafatına, 2002-ci ildə isə Azərbaycan Teatr Xadimləri İttifaqının «Qızıl Dərviş» Mükafatına layiq görülür. 2000-ci ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin Sərəncamı ilə Ələkbər Hüseynova respublikanın «Əməkdar artisti» fəxri adı verilir. 2006-cı ildə isə Ələkbər Hüseynov Dövlət Kukla Teatrının baş rejissoru vəzifəsinə təyin olunur.
«Cırtdan» jurnalının Polşanın Azərbaycandakı səfirliyilə birgə uşaqlar arasında apardığı sorğu nəticəsində məlum olub ki, onların ən çox sevdikləri böyük adam məhz «Ələkbər əmi»dir. Beləliklə, balaca tamaşaçıların səsləri sayəsində uşaqlar qarşısındakı xidmətlərinə görə Ə.Hüseynova 2007-ci ildə «Beynəlxalq təbəssüm ordeni» təqdim edilir.
Aktyorun sonuncu ad günü rejissoru olduğu, şirin-şəkər balalar üçün hazırladığı «Kral» mono tamaşasıyla eyni vaxta düşmüşdü. Həmin gün ağ geyimli yubilyarın şərəfinə şamlar yandırıldı, nurlu səhər rəmzi kimi. Hər təbrik, hər teleqram, adına deyilən xoş sözlər teatrın salnaməsinə yazılan bir tarixə çevrildi. Düşünürdülər ki, hələ bundan sonra çox şey dəyişəcək, Ələkbər Hüseynovun səsi-sorağı daha uzaq-uzaq ellərdən gələcək. Dəyişilməyən yalnız bir şey olacaq, o da Ələkbərin bitib-tükənməyən qələbə sevincləri...
Dişindən cərrahiyyə əməliyyatı keçirən zaman hepatit virusuna yoluxan Ələkbər Hüseynov 3 il qaraciyər serrozu xəstəliyindən əziyyət çəkir və müxtəlif ölkələrdə müalicə olunur. Qaraciyər serrozu diaqnozu ilə ağır vəziyyətdə Qarayev adına İnfeksion Xəstəlikləri İnstitutunun reanimasiya şöbəsinə yerləşdirilir. 20 gün burada koma vəziyyətində qaldıqdan sonra iyulun 31-də ağır halda evinə qaytarılır.
Ələkbər Hüseynov 2007-ci il avqustun 2-də 46 yaşında dünyasını dəyişir.
07.07.2026