Mənsur Həsənzadə. Çiçək
Yüz bağban yığışıb min çiçək əksin,
Çatmaz ki ətrinə, Çiçək, ay Çiçək.
Çəksə, nektarını qoy arı çəksin,
Qonmasın üstünə milçək, ay Çiçək.
Qaranlıq otağa Günəşdi ağ şam,
Gəl yenə, gəl yenə kükrəyəm, daşam.
Vüsala "xoş gəldin" deyək bu axşam,
Dərdin zəmisini biçək, ay Çiçək.
Ruhda təpər ola, canda hey ola,
Hisslər oyaq ola, ağıl key ola,
İsti otaq ola, sərin mey ola,
İçək, üçə kimi içək, ay Çiçək.
Sabah sızıldayar könlün sim kimi,
Görək, kim itirər, tapar kim kimi?
Mənsuram, aylardı çəkdiyim kimi,
Sən də həsrətimi di çək, ay Çiçək.