Xanım İsmayılqızı. Qızım
Nə yaxşı ki, dünyaya səni gətirə bildim,
İlk sevgim, qucağıma səni götürə bildim.
Nə gözəlmiş analıq, bunu göstərdin mənə,
Dünyanın ən ecazkar eşqini verdin mənə.
Şeirlərlə böyüdün, nəğmələrlə incəldin,
Gözəllikləri sevdin, ürəyimdə dincəldin.
Öz ayağınla bir-bir pillələri qalxmısan,
Sənə verdiklərimi sinəm üstə taxmısan.
Sən mənim gəncliyimsən indi həzz alacağım,
Bu qocalan dünyamda hissinə dolacağım.
Göz ilə qaş arası elə bil uçdu zaman,
Nə tez böyüdün belə, haraya qaçdı zaman?..
Söküb-dağıtmağın yox, qurub-yaratmağın var,
Qanadının altına alıb yaşatmağın var.
Mən altmışı keçmişəm, sən qırx yaşa dolmusan,
Doğulandan bu günə şah əsərim olmusan.
Səni oxudum, yazdım həyatıma, səsimə,
O yazdıqlarım bir-bir toxunur nəfəsimə.
Elə bil dünən idi, dil açmamışdın belə,
Nə qədər böyüsən də, mənim quzumsan hələ.
Xoş gəlmisən dünyaya, mənə də xoş gəlmisən,
Başımın tacı qızım, sən mənim birdənəmsən.
Fidanım, qucağıma səni götürə bildim,
Nə yaxşı ki, ömrümə səni gətirə bildim.