Şeirlər

Tofiq Mahmud. Bağban və uşaqlar

Alma dərən bağbanın
Üzündən nur yağırdı,
Almaları astaca
Bir səbətə yığırdı.
Uzun bığları vardı, 
Dayanardı, durardı,
Ləzzətlə, aram-aram
Bığlarını burardı.
Elə ki səbət doldu,
Qoca bağban yoruldu.
Elə ordaca yatdı,
Şirin yuxuya batdı.
Yaydıqca xoş sərinlik
Gözəl alma bağları,
Xoruldayan bağbanın 
Tərpənirdi bığları...
Birdən... dırmaşıb... aşıb...
Uşaqlar daş hasarı,
Gəldilər oğrun-oğrun 
Dolu səbətə sarı.
Almaları hasardan
O tərəfə atdılar,
Qana-tərə batdılar,
Bircə anın içində
Səbəti boşaltdılar.
Dırmaşdılar ağaca,
Daraşdılar ağaca.
Qırdılar-budaqları,
Tökdülər yarpaqları.
Ağacdakı almalar
Elə gözəl almadı,
Ancaq ağac üstündə
Bircə alma qalmadı.
Hamısını dərdilər,
Güllə kimi hasardan 
O yana göndərdilər.
Qaçan zaman qocanın
Bığlarını dartdılar,
Yuxudan oyatdılar,
Cəld hasarı aşdılar,
Aşan kimi qaçdılar.
Qoca açıb gözünü,
Dərhal qalxdı ayağa,
Hirs içində əlini
Uzadanda budağa,
Gördü ki, səbət dolu,
Ağac da sağ salamat.
Bığları da yerində,
Öz-özünə qaldı mat.
Sən demə, bu, yuxuymuş,
Birdən baxdı hasara,
Hasardan həsrət-həsrət
Boylanan uşaqlara.
Cəld götürdü səbəti, 
Getdi hasara sarı,
-Alın, - deyə səbəti 
Qaldırdı lap yuxarı.
Uşaqların gözündə
Sevinc qarışıq heyrət,
Hasardaca boşaldı
Alma dolu bir səbət.
Seyr edib qoca bağban 
Bu alma bağlarını,
Bururdu aram-aram 
Yenə də bığlarını!