Mədinə Gülgün. Payız
Yaşıl yarpaqlara düşdü qızıl xal,
Çöllərə, düzlərə həzinlik gəldi.
Göy üzü bir anda oldu halbahal,
Dərələr kövrəldi, düzlər kövrəldi.
Yenə tənhalaşdı o buz bulaqlar,
Yenə də soyuqdu ocaq daşları.
Yenə də dumana büründü dağlar,
Əyləmək olmadı gedən quşları.
Əssə də payızın sərin küləyi,
Yenə ülfətdəyəm təbiətlə mən.
Dolub boşaldıqca şair ürəyi,
Ayrıla bilmirəm bu aləmimdən.
Mavi sular üstə üzən yarpaqlar
Qızıl qayıqları andırır mənə.
Fikrimə yaddaşlar yazan yarpaqlar,
Fikrimi ardınca aparır yenə.
Düşüb xəylımın kövrək izinə
Könlüm bu aləmdən ayrılma deyir.
Buludlar dolduqca göyün üzünə
Saçıma, üzümə yağış ələyir.
Yağışı, küləyi salmayır saya,
Bağlar öz barından sovqat bağlayır.
Küləklər elə bil bütün dünyaya
Bu qızıl payızın ətrini yayır...
Bir payız yağışı yağdıqca, yağır,
Payızı pişvaza çıxıb yol, yoxuş.
Ürəyimə təzə nəğmələr axır,
Saçıma, üzümə yağdıqca yağış...