Şeirlər

Nəriman Həsənzadə. Anamı yuxuda görmüşəm

Anamı yuxuda görmüşəm dünən,

Yuxuda bir ömür sürmüşəm dünən

Anam evimizə dönmək istəyir,

Görünmək istəyir, görmək istəyir,

İpək kəlağayı salıb başına

Qayıdıb gəlinlik, qızlıq yaşına

Bəzənib elə bil, o, toya gəlib

Mənim ad günümdə Poyluya gəlib.

 

 

 

Analar unutmur balalarını,

Tanrım, anaların dualarını,

Bizim üstümüzdən əskik eləmə,

Qadın kəsik olur, kəsik eləmə.

Anam gördüyünə məəttəl qalıb 

Nə ocaq yeri var, nə çəpər qalıb,

Nə qapı bacadan əsər əlamət,

Kimdən soruşsunki, kimindi həyət

Qalxıb pəncərədən baxır yuxarı

Nə ev var, nə evin köhnə şeyləri.

 

 

Sənəyi var idi götürübdülər,

Su daşı var idi itiribdilər,

Divardan gəvəni qoparıbdılar

Söküb taxtımızı aparıbdılar

Üstü müşəmbəli çörək stolu

O da gözə dəymir yerində yoxdur

 

 

Deyirəm ay ana, ev bizimkidir,

Divarlar bir idi, indi ikidir,

Mebel alıbdılar təzə, qət-təzə,

Parket döşəyiblər kənd evimizə

Kran çəkibdilər təzə su gəlir,

Dağların kəndlərə havası gəlir.

Bir az aralıda bizim doqqaza

Qızılgül əkiblər bizim doqqaza.

 

Anam evini tanıya bilmir,

Anam yolu-izi tanıya bilmir.

Yol onu tanıyıb gətirib evə

Tale talesizi tanıya bilmir

Evinin yerində evini gəzir

Mən onu gəzirəm, o məni gəzir

Anam baxa-baxa qayıdıb gedir

Məni də yuxudan ayıldıb gedir...