Şeirlər

Abdulla Şaiq. Çocuq və qaya

Bir qayaya çıxmış idi bir çocuq,

Gördü qayanın içi oyuq-oyuq.

Baxdı yenə qarşıdakı dağlara,

Dərələrə, təpələrə, bağlara.

Şövqdən oldu o çocuq biqərar,

Başladı qışqırmağa biixtiyar.

Gəldi qayadan ona əksi-səda,

Eylə bildi başqa çocuqdur o da.

Sevinərək səslədi: “Ey, gəl bura!”

Aldı qayadan cavabın: “Gəl bura!”

Hər nə ki bu uşaq ona söylədi,

Daş qayalar rədd cavab eylədi.

Qaldı məhəttəl bu işə o uşaq,

Birdən onu söydü: “Ey eşşək, axmaq”

Gördükü o uşaq da söyür bunu.

Acıqlanıb istədi tapsın onu.

Durdu qayanı gəzib axtarmağa

Bunu söyən uşağı tez tapmağa.

Gəzdi, dolaşdı qayanı hər qədər,

Tapmadı ancaq o uşaqdan əsər.

Oldu bu işdən uşağın qəlbi qan,

Evlərinə qayıtdı çox pərişan.