Elə insanlar var ki, başqasının iztirabları onların qəlbini göynədir, bu iztirabları öz ağrısı, dərd-bəlası kimi qəbul edirlər. Adətən belələrinin həyatı çox məşəqqətli olur. Həyata belə həssas münasibət bəzən onları dəlilik həddinə gətirib çıxarır. Holland rəssamı Vinsent Van Qoq da məhz bu cür insanlardan olub.
Qrot-Zundert adlı kiçik bir kənddə, katolik keşişinin ailəsində dünyaya göz açan Vinsent uşaqlıqdan kəndlilərin ağır həyatını müşahidə edib. Onlara kömək etmək istəyi, güzəranlarını yaxşılaşdırmaq üçün fədakarlıq göstərmək barədə fikirlər hələ uşaq ikən onun qəlbinə hakim kəsilir. Əvvəlcə arzusuna ilahiyyatla məşğul olmaqla, missioner kimi fəaliyyət göstərməklə çatmaq istəyir. Lakin başa düşür ki, həyatının işi uşaqlıqdan istedadlı olduğu sahə - rəssamlıqdır. Van Qoq rəssam olmaq qərarına gəlir.

Onun Hollandiyada, Nuyenen adlı yerdə çəkdiyi ilk professional əsərlər özünəməxsusluğu ilə heyran qoyur. Məsələn, rəssamın “Toxucu dəzgahı qarşısında” əsərini götürək. Nəhəng mexaniki qurğunun qarşısında oturan insan bu ruhsuz maşından seçilmir, sanki onun bir detalına çevrilib. Yaxud “Kartof yeyənlər” əsəri. Kəndlilər kasıb süfrə başına toplaşıb. Onların üzgün sifətlərinin eybəcərliyi şişirdilib; yemək dalınca uzanan əllər uzun və arıqdır; bişmiş kartofdan qalxan buxar və lampanın zəif işığı evin yoxsulluğunu daha da qabardır. Tabloda həyat həqiqətləri, insanlara sevgi, onların acı taleyinə şəfqət hissləri çox güclüdür...
Van Qoq peşəkarlığını artırmaq üçün 1886-cı ilin martında Parisə gəlir. Burada o dövrün görkəmli rəssamları Qoqen, Tuluz-Lotrek, Sinyak ilə tanış olur, Luvr sarayının incilərini - möhtəşəm rəsm əsərlərini öyrənir.

1888-ci ildə səs-küylü Parisi tərk edərək, Fransanın cənubunda, Arl adlı əyalət şəhərciyinə köçür. Burada “Arlda biçin” (1888), “Çiçəkləyən ağac” (1888) və s. kimi gözəl mənzərələrini yaradır. Ən çox da sevimli bitkisini - günəbaxanı çəkir.
Van Qoqa xas olan həyata həssas münasibət, ruhunun rahatlıq tapa bilməməsi nəticəsində rəssamda psixi xəstəliyin ilk əlamətləri özünü büruzə verməyə başlayır. Əvvəlcə Arla qonaq gələn Qoqen ilə onun arasında yaradıcılıq ixtilafları yaranır. Rəssamlar dalaşırlar, özünə hakim kəsilə bilməyən Van Qoq əlindəki stəkanı həmkarının başına çırpır. Qoqen getmək istədiyini bildirəndə isə ülgüc ilə onun üstünə atılır. Elə həmin günün axşamı dəliliyi tutan rəssam özünə ciddi xəsarət yetirir, qulağını kəsir.

Vəziyyətinin ağır olmasına baxmayaraq məşhur “Qulağı kəsilmiş vəziyyətdə avtoportret” (1889), “Çubuq çəkən kişi” (1889) və s. məşhur əsərlərini yaradır. Lakin xəstəliyi şiddətlənir və rəssam bir il psixiatriya klinikasında müalicə olunur. Vəziyyətinin sabitləşdiyi vaxtlarda xəstəxana bağının və onun ətraflarının təsvir olunduğu (“Provansda böyük yol”, “Alp dağlarının ətəklərində”, “Sərv ağaclarının əhatəsində sarı sünbüllər”) mənzərələr yaradır.
Van Qoq klinikadan çıxandan sonra Over-syur-Uaz kəndində yaşayır. Dostu, həvəskar rəssam və sənətşünas Pol Qaşe onun sağlamlığının qayğısına qalır. “Doktor Qaşenin portreti” (1890) bəlkə də Van Qoqun bu janrda çəkdiyi ən gözəl əsərdir. Şəkildə dərin düşüncəyə dalan adam təsvir olunub. Qaşe nə barədə düşünür? Bəlkə varlığın mənası barədə? Və ya öz taleyi haqqında? Yaxud onun şəklini çəkən rəssamın labüd ölümü barədə? Axı, faciəli sonluq çox yaxın idi. İxtisasca həkim olan Qaşe bunu başa düşməyə bilməzdi. Bəlkə də buna görə Van Qoqun əlində tapança görəndə silahı onun əlindən almır...
Bir neçə gün sonra Over-syur-Uazdakı evdə atəş səsi eşidilir. Ölümcül yaralanan Van Qoq 1890-cı il iyulun 29-da dünyasını dəyişir. Onun ölümündən sonra rəssam Kamil Pissarro oğluna yazır: “Mən irəlicədən bilirdim ki, Van Qoq ya dəli olacaq, ya da hamımızı xeyli qabaqlayacaq... Lakin hər ikisini edəcəyi ağlıma da gəlməzdi”.