Şeirlər

Məhəmmədhüseyn Şəhriyar. Haqqın səsi

Bu nurani dünya, pirani dünya
Əzəldən meyvəli bir bağa bənzər.
Bəşərin qocaman sərt ağacında
Hər insan bir gülə, yarpağa bənzər.

 

Yarpaqlar, budaqlar ayrı olsa da,
Bu dünya bağının bəhəri birdir.
Udduğu hava bir, içdiyi su bir,
Yerdən şirə çəkən kökləri birdir.


Budaq heç yaşarmı budaqdan ayrı,
Ömr edə bilərmi insan insansız?
O doğma gülşəndən, o bağdan ayrı
İnsan xəzəl kimi ölüdür yalnız!

 

Eynidir havamız, suyumuz bizim,
Eyni torpaqdandır mayamız bizim,
Yoğurub yapanda xilqətimizi
Eyni gözdə görüb təbiət bizi.


Təbiət - o böyük ağ saçlı ata
Bizi bəxş edəndə bu kainata,
Can verdi, qan verdi, qeyrət verdi o,
Bizə insaf verdi, mürvət verdi o.

 

Bizə əl verdi ki, imdada çataq,
Yıxılan bir kəsin qolundan tutaq.
Bizə ağıl verdi - vicdanlı, mətin,
Dərk edək dərdini bəşəriyyətin.

 

Gözəldir baharın bağ çiçəkləri,
Sevgili nəfəsi - dağ çiçəkləri!
Zəmilər qoynunda xəyala dalmaq,
Çörəyin ətrini sünbüldən almaq!


Dalıb üfüqlərin sonsuzluğuna,
Qışqırmaq bu eşqi bütün cahana:
- İnsan Yer üzünün dürdanəsidir,
İnsanın Vətəni Yer kürəsidir.a