
Şamaxı Azərbaycanın qədim şəhərlərindən biridir. Bu qədim diyar Böyük Qafqaz dağlarının cənub-şərq ətəklərində, dəniz səviyyəsindən 749 metr yüksəklikdə yerləşir. Vaxtilə Şirvanşahlar dövlətinin paytaxtı olan Şamaxı tarixi abidələr və memarlıq nümunələri ilə zəngindir. Belə ki, şəhərin şimal-qərbində sıldırım dağın zirvəsində Gülüstan qalası ucalır. Bu qala XII- XIII əsrlərdə Şirvanın və Şamaxının əlçatmaz və alınmaz istehkamlarından biri olub.
Qoşa minarəli Cümə məscidi (743-cü il), Şahixəndan məqbərəsi (XV əsr), Pirmərdəkan məqbərəsi (XIII-XIV əsrlər), Kələxanı kəndindəki İmamzadə piri, XVII əsrə aid səkkiz məqbərədən ibarət kompleks, Gülüstan qalasının (XI-XII əsrlər) xarabalıqları və XIV əsrdə tikilmiş, yeraltı hamamı olan karvansara kompleksi Şamaxının ən qədim tarixi abidələrindəndir.
Məşhur Şamaxı Astrofizika Rəsədxanası şəhərdən 22 kilometr aralıda, Pirqulu dağının şimal yamacında, dəniz səviyyəsindən 1435 metr yüksəklikdə yerləşir. Nəsirəddin Tusinin adını daşıyan bu elmi mərkəz 1962–ci ildən fəaliyyət göstərir.
Şamaxının özünəməxsus təbiəti və iqlimi, mineral bulaqları var. Meşələrində cüyürlər, qabanlar, ayılar və çöl pişikləri gəzib-dolaşır.
Bu gözəl məkan yayda da, qışda da turizm və istirahət həvəskarlarını cəlb edir. Şamaxı, həmçinin dəniz səviyyəsindən 1400 metr yüksəklikdə yerləşən Pirqulu qəsəbəsi, Babadağ zirvəsi (3629 m) ilə də məşhurdur.
Şamaxı seysmik cəhətdən aktiv zona hesab olunur. Müxtəlif illərdə burada dağıdıcı zəlzələlər baş verib.
Şamaxı Xaqani Şirvani, İmaməddin Nəsimi, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi, Zivər bəy Əhmədbəyov, Qasım bəy Hacıbababəyov, Zeynalabdin Şirvani, Abbas Səhhət, Abbas Mirzə Şərifzadə, Ağasadıq Gəraybəyli, Alim Qasımov kimi məşhur insanları yetişdirib.
Görkəmli fırça ustası Səttar Bəhlulzadənin “Qədim Şamaxı” və “Şamaxı üzümlükləri” əsərlərində bu diyarın özəllikləri təsvir olunub.
17.04.2014