Teymur Elçin. Anamın laylası
- Bəs mənim laylam, ana?!
- Öz laylan var sənin də.
A qadan alım,
Yadımdan çıxıb.
Bir azca dayan,
Yadıma salım.
İşıq gəldi elə bil
Ananın gözlərinə.
Bir az da yuxu qatdı
Yuxulu sözlərinə.
Deməsə də laylasının yaşını,
Qucaqladı balasının başını.
Oxudu:
- Layla dedim balama,
İl keçə, ay dolana.
Balam gedə yuxuya,
Başına Ay dolana.
Yat, ulduz balam,
Qorxusuz balam.
Ceyran körpə ahuya
Laylasını oxuya.
Canavarın balası
Çoxdan gedib yuxuya.
Yat, qoçaq balam,
Yat, oyaq balam.
Sayıram gecələri,
Təkləri, bircələri.
Sən də yat, çoxdan yatıb
Turacın cücələri.
Yat, göyçək balam,
Mənim tək balam.
Qurdlar, quşlar yatıblar,
Yuxuya bal qatıblar.
Qurbağanın gölünə
Elə bil daş atıblar.
Sən də yat, balam,
Şokolad balam.
-Yoruldunmu?
-Yox, yox, ana!
Qurban olum laylana.
Yenə söylə.
- Çaylar dolu su gəlsin.
Elin arzusu gəlsin.
Layla dedim balama,
Yatsın, yuxusu gəlsin.
Yat, dincəl balam,
A dəcəl balam.
Yerini saldım rahat,
Qoçaq, zirək balam, yat.
Yuxun ətirli olsun,
Mənim çiçək balam, yat.
Yat, körpə quzum,
Şəkərim, duzum, yat!
27.03.2019