Şeirlər

Abdulla Şaiq. Bahar gəlir

Əs, ey ətirli dan yeli,
Könülaçan bahar gəlir.
Bənövşə, yan dara teli,
Bağa sevimli yar gəlir.
Bulud, gecikmə, düş yola,
Çəmənləri süpür, sula,
Səadət ilə qol-qola
Könülaçan nigar gəlir.
Məhəbbətin çırağıdır,
Yeri könül bucağıdır.
Sıxıntı, dərdi dağıdır,
Elə, günə dutar gəlir.
Günəşlə vermiş əl-ələ,
Üzü şəfəq saçır gülə,
Görüncə hüsnünü elə,
Sevinc gəlir, vüqar gəlir.
Baxın qanadlanan göyə,
Qaranquşa, qaz, ördəyə,
-Vətən, Vətən, Vətən, – deyə
Yenə qatar-qatar gəlir.