Şeirlər

Hikmət Ziya. Kərgədan və qarışqa

Uzunuyla eni bir, 
Başıyla bədəni bir
Kərgədan tutulmuşdu 
Tənbəllik azarına. 
Süstlük, Məstlik hopmuşdu 
Ömrünə, güzarına. 
Boş-bekar əsnəməkdən 
Çuval olmuşdu ağzı. 
Günün beşdə dördünü
Yeyib-yatırdı azı. 
Yerdə qalan vaxtını
Ya göldə keçirirdi,
Çimib, çıxır, meşədə, 
Ya çöldə keçirirdi. 
Daş üstünə bircə daş
Qoymaqla yoxdu işi... 
Onu piy dağarına 
Döndərdi bu vərdişi... 
Apardığı arpanı
Yolda qoyub bir yana 
Bapbalaca Qarışqa 
Bir gün söylədi ona: 
– Səndə bu boy-buxun var , 
Fil işi görmək olar! 
Bizim meşə elində 
Niyə əlin belində
Dolaşırsan, a fərsiz? 
Hamı səndən xəbərsiz, 
Sən hamıdan xəbərsiz. 
Kimdir doyduran səni? 
Səndə olan gövdəni?!
 – Nə?! – bağırdı Kərgədan 
– Təhqir edirsən yəni? 
Ayaq basdı üstünə:
 – Belə əzərəm səni! 
Yox! Qarışqa ölmədi
– Girdi torpağın altda, 
Lağım atıb yenə də
Üzə çıxdı bir anda.
Tənbəlin zərbəsi də 
Əsər etmədi ona. 
Götürüb arpasını, 
Düzəldi öz yoluna. 
Kərgədan gördü, nəhəng 
Özü yox, Qarışqadır .
Çox da güclə görünür , 
Çox da nöqtə boydadır, 
– O həm sevir zəhməti,
Həm də ki cəsarəti. 
Nəhəng odur . 
Kərgədan – Adi cırtdandan cırtdan.