Şeirlər

Aleksandr Puşkin. Qış səhəri

Nə gözəl şaxtalı, günəşli gündür!

Dostum, sən hələ də mürgüləyirsən.

Vaxtdır, sən, ey gözəl, yuxudan ayıl,

Açılsın naz ilə yumulu gözlər,

İşıq pərisinin qarşısına sən,

Şimal ulduzu tək çıx, tamaşa qıl!

 

 

 

Dünən yadındamı, coşmuşdu tufan;

Qatı qaranlıqdı bütün asiman.

O boz buludların arasından Ay,

Sarı bir ləkətək axırdı qəmlə,

Sənsə pəncərədə durub qüssəli...

Bu günsə...  Aləmə tamaşa elə:

 

 

Göylər tər-təmizdir ilk bahar kimi,

Min bir rəngə çalan xalılar kimi-

Günəşin altında parıldayır qar.

Yarpaqsız meşə də qaralır durur,

Küknarlar hələ də tərdir, yaşıldır,

Çay, buzlar altında sanki bərq vurur.

 

 

Otağım kəhrəba rəngli şəfəqlə

Doludur. Çırta-çırt yanır odunlar

İsti buxarıda. Amma yatağa 

Girib düşünmənin nə ləzzəti var!

Bilirsənmi, nə var? Əmr eyləyəkmi

Qoşsunlar xizəyə atlarımızı?

 

Bağlayaq qar üstə bərk qaçışına

Bizim hissimizi, həyəcanımızı.

Sürüşüb bu səhər qarların üstə

Ziyarət eyləyək tənha çölləri,

İndi çılpaqlaşmış sıx meşələri,

Mənə əziz olan bu sahilləri.