Xəbərlər

Azərbaycanlı Kanadanın buz meydançalarında

Kanadanın Toronto şəhərində  14 yaşlı həmyerlimiz   Elman Hüseynov yaşayır.  Peşəkar səviyyədə hokkeylə məşğul olan  Elman  Kanadanın buz meydançalarında  böyük uğur qazanıb. 
 
Kanada hokkeyin vətənidir.  Bu oyunun 100 ildən çox tarixi var. Hokkey üzrə  ilk dünya çempionatları  Kanadada keçirilib. Bu ölkədə məktəblərin nəzdində təşkil edilmiş hokkey akademiyalarında, habelə  uşaq və gənclərdən ibarət hokkey klublarında idmanın bu növü ilə  peşəkar şəkildə məşğul olmaq istəyən  uşaqlar üçün məşğələlər təşkil olunur. 
 
Elman Hüseynov Bakıda doğulub. O, 5 yaşından Moskvada xokkeylə məşğul olub. Artıq 4 ildir Torontoda yaşayır. Burada təhsil alır və xokkey oynayır. Hokkey Elmanın həyatında böyük  yer tutur. 
 
Yaşının az olmasına baxmayaraq, o, Silver Stik mükafatçısıdır. 2012/2013-cü  illər mövsümündə  25 şayba vurub,  42 məhsuldar ötürmə ilə Toronto liqasının ən sərrast xokkeyçisi, Şərqi Toronto çempionu və Böyuk Torontonun gümüş mükafatçısı olub. Bu il Elmanın aktivinə daha bir mükafat  - adlı qızıl çempion üzüyü əlavə olunub. Üzüyü ona Toronto Hokkey Federasiyası təqdim edib.  
 
Hələ çox gənc olmasına baxmayaraq, Kanadanın, Rusiyanın  güclü komandaları Elmanla maraqlanırlar.... Lakin Elmanın ən böyük arzusu  Azərbaycanın  milli hokkey formasını geyinməkdir.  
 
Elman Hüseynovun çıxış etdiyi “Toronto Royals” komandası bu il səkkızdəbir finalda “Devid Diavols” komandasını böyük üstünlüklə - 5-0 hesabı ilə udub. İki şayba vuran Elman Hüseynov bir məhsuldar ötürmə ilə bu görüşün ən yaxşı oyunçusu  seçilib.
 
Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilsə də, ölkəmizdə  buzüstü xokkeyin inkişafından danışmaq çətindir. Ən azı ona görə ki, ölkəmizin mülayim iqlim şəraiti idmanın bu növünün inkişaf etdirilməsinə imkan vermir. Ancaq bədbinliyə qapılmaq hələ tezdir. 
 
Qürurla demək olar ki, Elman Hüseynov bizimkilərin də buzüstü xokkeydə nəyə qadir olduqlarını sübut etdi. Görünür, istedad hər yerdə özünü göstərə bilir. Şübhə etmirik ki, yaxın gələcəkdə ölkəmizdə xüsusi meydançalar yaradılacaq və  idmanın  digər növləri ilə bərabər  Azərbaycan hokkeyi də inkişaf edəcəkdir.