
Kanadanın Toronto şəhərində 14 yaşlı həmyerlimiz Elman Hüseynov yaşayır. Peşəkar səviyyədə hokkeylə məşğul olan Elman Kanadanın buz meydançalarında böyük uğur qazanıb.
Kanada hokkeyin vətənidir. Bu oyunun 100 ildən çox tarixi var. Hokkey üzrə ilk dünya çempionatları Kanadada keçirilib. Bu ölkədə məktəblərin nəzdində təşkil edilmiş hokkey akademiyalarında, habelə uşaq və gənclərdən ibarət hokkey klublarında idmanın bu növü ilə peşəkar şəkildə məşğul olmaq istəyən uşaqlar üçün məşğələlər təşkil olunur.
Elman Hüseynov Bakıda doğulub. O, 5 yaşından Moskvada xokkeylə məşğul olub. Artıq 4 ildir Torontoda yaşayır. Burada təhsil alır və xokkey oynayır. Hokkey Elmanın həyatında böyük yer tutur.
Yaşının az olmasına baxmayaraq, o, Silver Stik mükafatçısıdır. 2012/2013-cü illər mövsümündə 25 şayba vurub, 42 məhsuldar ötürmə ilə Toronto liqasının ən sərrast xokkeyçisi, Şərqi Toronto çempionu və Böyuk Torontonun gümüş mükafatçısı olub. Bu il Elmanın aktivinə daha bir mükafat - adlı qızıl çempion üzüyü əlavə olunub. Üzüyü ona Toronto Hokkey Federasiyası təqdim edib.
Hələ çox gənc olmasına baxmayaraq, Kanadanın, Rusiyanın güclü komandaları Elmanla maraqlanırlar.... Lakin Elmanın ən böyük arzusu Azərbaycanın milli hokkey formasını geyinməkdir.
Elman Hüseynovun çıxış etdiyi “Toronto Royals” komandası bu il səkkızdəbir finalda “Devid Diavols” komandasını böyük üstünlüklə - 5-0 hesabı ilə udub. İki şayba vuran Elman Hüseynov bir məhsuldar ötürmə ilə bu görüşün ən yaxşı oyunçusu seçilib.
Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilsə də, ölkəmizdə buzüstü xokkeyin inkişafından danışmaq çətindir. Ən azı ona görə ki, ölkəmizin mülayim iqlim şəraiti idmanın bu növünün inkişaf etdirilməsinə imkan vermir. Ancaq bədbinliyə qapılmaq hələ tezdir.
Qürurla demək olar ki, Elman Hüseynov bizimkilərin də buzüstü xokkeydə nəyə qadir olduqlarını sübut etdi. Görünür, istedad hər yerdə özünü göstərə bilir. Şübhə etmirik ki, yaxın gələcəkdə ölkəmizdə xüsusi meydançalar yaradılacaq və idmanın digər növləri ilə bərabər Azərbaycan hokkeyi də inkişaf edəcəkdir.
19.11.2013