Şeirlər

Osman Sarıvəlli “Gətir oğlum, gətir”

Mən kənddə doğuldum, sənsə şəhərdə, 
Sən beşikdə yatdın, mənsə yəhərdə. 
Yatdım boz otlaqda boz dovşan kimi... 
Gözümüz dünyaya açılan kimi 
Mən çomaq götürdüm, sən kağız, qələm, 
Çomaq bir aləmdir, qələm bir aləm... 
Dolandı sənələr, dolandı aylar, 
Gah dondu, gah coşdu, bulandı çaylar. 
Zaman hökm elədi... Bir qərib axşam 
Yolun məskənimə düşdü nagahan. 
Səni oğul kimi o yerdə mənsiz 
Bağrına basdımı ana kəndimiz? 
Xoşuna gəldimi Kürün kənarı? 
Gördünmü, gördünmü göy çinarları?

 

Görürəm, səfalı bir yaz axşamı 
Çinarın dibinə yığışır hamı. 
Bu saz məclisindən olanlar halı – 
Kəndin ağsaqqalı, qarasaqqalı 
Oraya toplanıb... Sən də bu axşam 
Orda, uşaqların arasındasan. 
Ortada vüqarla aşıq gəzişir, 
Danışır arabir, deyir arabir. 
Bir qoca yerindən səslənir bu an: 
– Aşıq, bir nağıl de, səsinə qurban! 
Hamı vəcdə gəlir... Bu məsləhəti 
Bəyənib dəyişir aşıq söhbəti; 
Bir dastan başlayır coşqun həvəslə, 
Min yerdə xal vurur yanıqlı səslə.

Xalqın əzəməti, fikri, xəyalı, 
Onun hissi, zövqü, ağlı, kamalı 
Sanma bir qılıncda, bir hünərdədir,

Onlar bu sazlarda, bu sözlərdədir!.. 
Bu günün qəlbinə girmək istəsən, 
Durduğun pillədən hələ bir az en. 
En! Uçan alçalar, enən ucalar! 
En! Yerin təkində xəzinələr var. 
Demə “köhnə sözün mənası nədir?” 
Hər söz, anlayana bir qərinədir!.. 
Hər fikir mülkündə zərrin tac yatır, 
Hər meyvə tumunda bir ağac yatır. 
Hər kiçik bayatı xalqın səsidir, 
Kamal dünyasının xəzinəsidir.

 

Bahar gecələri enib sahilə 
Uçan ləpələrin səsini dinlə! 
Gümüş dalğalarda Ay baxan zaman 
Düşün, gör nə deyir çay axan zaman? 
Kömürdən almaz çək, yarpaqdan ipək, 
Daşdan gövhər çıxart, buluddan şimşək. 
Gətir ildırımın məğrur səsini, 
Qumru bulaqların zümzüməsini. 
Zəmilərdən sünbül, bağçalardan bar, 
Dərələrdən vüsət, dağlardan vüqar... 
Özünlə çiçəkli, güllü yaz gətir, 
Bir aşıq mahnısı, bir də saz gətir! 
Gətir, yollarına müntəzirəm mən! 
Gətir, bu fürsəti vermə əlindən! 
Ana yurdumuzun nəyi var gətir – 
Məhəbbət, sədaqət, etibar gətir!..