Şeirlər

Xanımana Əlibəyli. “Çoxbilmiş çəpişlər”

Üç çəpiş bəzənib verdi qol-qola,
Sevinclə düşdülər bir səhər yola.
Onlar yol boyunca nəğmə oxudu,
Hara gəldi özlərini toxudu.


Rast gəlib canavar soruşdu: - Hara?
Çəpişlərdən biri dedi: - Bazara.
Canavar dilləndi çatanda tinə,
Dedi ki, həsrətəm çəpiş ətinə.

 

 

 

Mənim ürəyimə çəkdin dağ, çəpiş,
Gəl, səni hop edib yeyim, ağ çəpiş!
Canavar gətirdi zara çəpişi,
Ağ çəpiş dedi: - Ye, qara çəpişi.


Canavar çatanda o biri tinə,
Dedi ki, həsrətəm çəpiş ətinə.
Gəl, səni mən yeyim, a qara çəpiş,
Gedə bilməyəsən bazara, çəpiş.


Əl atdı ki, bölsün yarı çəpişi,
O dedi ki, get, ye sarı çəpişi.
Canavar çatanda üçüncü tinə,
Dedi ki, həsrətəm çəpiş ətinə.


Qolunu boynuma gəl sarı, çəpiş,
Qoy səni mən yeyim, a sarı çəpiş!
Sarı çəpiş dedi: - Dostum canavar,
Dünyada konfetdən ləzzətli nə var?


Sənə soyuq olar, durma, evə get,
Bazardan alarıq çoxluca konfet,
Gətirərik onu evinə birbaş,
Hərdən at ağzına, ye yavaş-yavaş.


Canavar, bu sözə tez oldu şərik,
Dedi ki, alarsız bir az da ərik.
Çəpişlər gülərək, verdi qol-qola,
Üçü də birlikdə düşdülər yola.


Çəpişlər bazara qaçdı o saat,
Yedilər çoxluca konfet, marmelad.
Oynaya-oynaya gəzib hər yeri,
Sonra da sevinclə döndülər geri.


Qalmadı nə konfet, nə marmeladdan,
Canavar büsbütün çıxmışdı yaddan.
Birdən sarı çəpiş kəndə çatanda,
Gördü canavarı o, günbatanda.


Dedi: - Canavarın bəs payı hanı?
Gəlib, dağıdacaq indi dünyanı.
Onlar evə girib, qapını vurdu,
Canavar yüyürüb, həyətdə durdu.


O ətrafa baxıb tez çaldı zəngi,
Birdən çəpişlərin saraldı rəngi.
Canavar dedi ki, verin payımı,
İndiyəcən içməmişəm çayımı.


Tez açın qapını, iştaham qaçar,
Ağ çəpiş dedi ki, itibdir açar.
Qapı kilidlidir, get, bacadan düş,
Birbaş şirniyyatın üstünə sürüş.


Canavar yüyürüb dama dırmaşdı,
Tullanıb bacadan ocağa aşdı.
O saat alışıb-yandı ocaqda,
Üç çəpiş salamat qaldı otaqda.